2021-01-29

Azərbaycanın Vatikanın mədəni irsinin qorunması istiqamətindəki fəaliyyəti təqdir edilib

Vatikanda səfərdə olan Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Dövlət katibinin ümumi işlər üzrə əvəzçisi Edqar Pena Parra və mədəniyyət üzrə Pontifik Şurasının prezidenti, arxiyepiskop Canfranko Ravazi ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşlərdə Azərbaycan və Vatikan arasında əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb, regionda müharibədən sonrakı vəziyyət müzakirə olunub.

Görüşlərdə ikitərəfli münasibətlərin səviyyəsi yüksək qiymətləndirilib. Heydər Əliyev Fondunun Vatikanın mədəni və dini irsinin qorunub saxlanması istiqamətində həyata keçirdiyi layihələrdən söz açılıb. Azərbaycanın Vatikanın mədəni irsinin qorunması istiqamətindəki fəaliyyəti müzakirə olunaraq təqdir edilib.

Müqəddəs Taxt-Tacın balanslı mövqeyinə, hər iki ölkəyə sülh, dialoq və əməkdaşlıq çağırışlarına toxunan səfir qarşı tərəflərə 44 günlük müharibədən sonrakı vəziyyətlə bağlı məlumat verib. Bildirilib ki, işğaldan azad olunmuş ərazilərimiz vandalizmə məruz qalıb, bu ərazilərdəki bütün mədəni və dini irs abidələri dağıdılıb.

Azad olunmuş ərazilərdə nəqliyyat və kommunikasiya xətlərinin bərpasının regionda ticarət və iqtisadi əməkdaşlığın inkişafına təkan verəcəyi, regionun tərəqqisinə xidmət edəcəyi diqqətə çatdırılıb. Sülh və dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb.

Bəzi qüvvələrin Qarabağ münaqişəsini dini qarşıdurma kimi qələmə vermək cəhdləri qınanılıb.

Görüşdə yeni əməkdaşlıq layihələrinə dair fikir mübadiləsi aparılıb. Görüşdə səfirliyimizin diplomatı Mikayıl Ramazanlı da iştirak edib.

Arxiv üzrə axtarış