2021-02-23

Karol Büro-Bonnar: Azərbaycanda keçirdiyimiz görüşlər zamanı Fransa ictimaiyyətinə çatdırmaq üçün çoxsaylı faktlar əldə etdik

Əvvəla, Azərbaycanda bizə göstərilən səmimi münasibətə görə şadam. Fransalı parlamentarilər olaraq Azərbaycanla dostluğumuzu, ona dəstəyimizi ifadə etmək, ölkəni daha yaxından tanımaq üçün buradayıq. Azərbaycanda keçirdiyimiz görüşlər zamanı Fransa ictimaiyyətinə çatdırmaq üçün çoxsaylı faktlar əldə etdik.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Fransa Milli Assambleyasının deputatı Karol Büro-Bonnar deyib.

Deputat təəssüflə qeyd edib ki, Azərbaycan Qarabağdakı müharibədə Fransadan gözlədiyi dəstəyi görmədi. Fransanın ATƏT-dəki rolu bu və ya digər ölkənin tərəfini tutmaq deyil, neytral olmaq, tərəflər arasında vasitəçi kimi çıxış etməkdir. Fransanın əsl mövqeyi bundan ibarət olmalıdır.

Azərbaycanla bağlı həqiqətlərin Fransa ictimaiyyətinə düzgün çatdırılmasının önəmini vurğulayan deputat qeyd edib ki, parlamentarilər olaraq onların bir sıra həmkarları, bəzi media qurumları ilə əlaqələri, həmçinin sadə fransızlarla sıx təmasları var. Bu əlaqələrdən istifadə edərək Azərbaycanla bağlı reallıqları Fransa ictimaiyyətinə çatdırmağa çalışacağıq. Azərbaycan və Fransa rəsmilərinin qarşılıqlı səfərləri də ölkələrimiz arasında mübadilələrin artmasına, ölkənizə dair düzgün məlumatların daha geniş ictimaiyyətə çatdırılmasına mühüm töhfə verə bilər.

Milli Assambleyanın deputatı deyib ki, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuanın bu yaxınlarda Bakıya səfəri rəsmi Parisin Azərbaycanla dostluğunu bir daha təsdiqləmək baxımından da mühüm əhəmiyyət kəsb edib.

https://azertag.az/xeber/1720227

 

Arxiv üzrə axtarış