Parisdə Xocalı soyqırımı qurbanlarını xatirəsinə onlayn konsert təşkil olunub
Fransadakı səfirliyimizin, UNESCO yanında Daimi Nümayəndəliyimizin və Fransada fəaliyyət göstərən Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş onlayn konsert təşkil olunub.
AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl səfir Rəhman Mustafayev çıxış edərək, Xocalı soyqırımı qurbanlarının xatirəsinin hər il ehtiramla yad edildiyini bildirib. Qeyd edib ki, Xocalı soyqırımı Azərbaycan müasir tarixinin ən qanlı, ən faciəvi səhifəsidir. Erməni silahlı qüvvələri 29 il əvvəl fevralın 25-dən 26-na keçən gecə Xocalıda mülki əhalini amansızlıqla qətlə yetirib. Xocalı faciəsi Fransanın Oradur-sur-Glane faciəsi ilə eynidir. Erməni silahlı qüvvələri azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb.
Səfir bildirib ki, fevralın 26-da xalqımız Xocalı qurbanlarının xatirəsini ehtiramla yad edir və eyni zamanda, Azərbaycana, xalqımıza qarşı illərdir davam edən ədalətsizliyə etirazını bildirir. Xocalıda mülki əhalini qəddarlıqla qətlə yetirən erməni cəlladlarının hələ də cəzalanmaması qəbuledilməzdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasından söz açan səfir deyib ki, bu kampaniya Xocalı soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, faciənin Azərbaycan xalqına qarşı törədilən soyqırımı aktı kimi tanınması, ona hüquqi və siyasi qiymət verilməsi, qətliamın törədilməsinə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması kimi strateji məqsədlər daşıyır. Kampaniya çərçivəsində bir çox ölkələrin hökumət və parlamentləri Xocalı faciəsini soyqırımı kimi tanıyıb.
Səfir qeyd edib ki, insan hüquqlarına böyük önəm verən Fransanın bu faciəyə biganə qalmayacağına, Xocalı soyqırımına siyasi-hüquqi qiymət verəcəyinə ümid edir.
Bu il Xocalı soyqırımı qurbanlarının xatirəsinin tamamilə fərqli kontekstdə qeyd edildiyini deyən səfir bildirib ki, Azərbaycan öz hüquqlarından istifadə edərək, eləcə də beynəlxalq hüququn müvafiq maddələrini əlində rəhbər tutaraq, 30 ildir erməni işğalı altında olan ərazilərini azad edib. Fransanın da səs verdiyi və Azərbaycanın ərazilərinin azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu sayəsində icra olundu və Azərbaycan torpaqları azad edildi. Erməni silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxarıldı, ordumuz şanlı qələbə çaldı. Bu gün sülhü bərqərar etmək üçün ədalət vacibdir, çünki sülh və ədalət bir-birinə sıx bağlıdır.
Sonra Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş konsert olub. Konsertdə musiqiçi və müğənnilərin - Etibar Əsədli (piano), Ağarəhim Quliyev (fleyta), Səidə Zülfüqarova (piano), Alisso Zubritski (piano), Yoann Piazza (piano), Səddam Novruzbəyov (tütək, balaban) Viktoriya Kalevatyx-Mustafabəyli (mezzo-soprano), Timur Abdikeyev (bariton), Fabris di Falko (tenor) və Kandis Albardyenin (soprano) ifasında Azərbaycan, türk və Avropa klassik bəstəkarlarının musiqiləri ifa edilib. Konsertin təşkilinə Fransada fəaliyyət göstərən “Ulduz” Assosiasiyasının rəhbəri Aytən Muradova da təşkilati işlərə yaxından köməklik edib.