Səfir: Erməni “səsləri”nin girovu olan fransız təsir dairələri beynəlxalq hüququ və Fransa qanunlarını tapdalayırlar
Ərazilərimizi işğaldan azad etdikdən sonra orada əsl fəlakətlə rastlaşdıq. Bütün ərazilər, yollar minalanıb. Torpaqlar istifadəyə yararsızdır, çaylar çirklənib, meşələr yandırılıb, mədəni irsimiz, qəbiristanlıqlar yerlə-yeksan edilib. Şəhərlər və kəndlər tamamilə dağıdılıb, yer üzündən silinib. Otuz ildir hüquqları pozulan 750 mindən çox azərbaycanlı məcburi köçkünün doğma yurdlarına qayıda bilməsi üçün qarşıda görüləsi nəhəng işlər var.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev “Radio Magreb” radiosuna müsahibəsində söyləyib.
Diplomat bildirib ki, torpaqlarımız işğaldan azad edildikdən sonra mina səbəbindən 20 mülki və bir neçə əsgər həlak olub, 85 nəfər yaralanıb. Şəhər və kəndlər yenidən salınmalı, elektrik xətləri və kanalizasiya şəbəkələri bərpa edilməlidir. Yol infrastrukturu – dəmir yolları, hava limanları yenidən tikilməlidir. Azad edilmiş ərazilərdə həyat sıfırdan başlamalıdır. Bu ərazilərdəki təbii sərvətlərimiz talanıb, mis, qızıl mədənləri, su ehtiyatları qanunsuz istismar edilib. Bütün bunlar beynəlxalq məhkəməyə göndəriləcək, cavabdeh şəxslər məsuliyyətə cəlb ediləcəklər. Cəbhə xəttindən uzaqda yerləşən şəhərlərimiz, mülki əhalimiz uzaqmənzilli ballistik raketlərlə hədəfə alındı. Qadağan edilmiş raketin qalıqları aydın şəkildə müəyyən edildi.
Qeyd edilib ki, ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq, Azərbaycan Ermənistan tərəfinə 70–dən çox hərbi əsiri təhvil verərək, onlarla bağlı öhdəliklərini tam yerinə yetirib. Həmçinin Azərbaycanın köməyi sayəsində aşkar edilmiş 1500-dən çox erməni hərbçisinin cəsədi Ermənistana təhvil verilib. Ermənistanın söylədiyi isə üçtərəfli Bəyanat imzalanandan çox sonra – noyabrın 26-da Ermənistandan olan 62 erməni əsgərindən ibarət təxribatçı terror qrupu şəklində Azərbaycan ərazisinə yerləşdirilənlərdir. Həmin təxribatçı terror qrupu 4 azərbaycanlını öldürüb ki, bu da Ermənistanın imzaladığı üçtərəfli Bəyanatdakı bütün döyüşlərə son qoymaq öhdəliklərini ciddi şəkildə pozmasıdır. Buna görə ədalət bərqərar edilmədən onların sərbəst buraxılması erməni tərəfinin cəzasız qalmasını müdafiə etmək olar.
UNESCO missiyası ilə bağlı sualı cavablandıran səfir qeyd edib ki, bu missiyanın həyata keçirilməsində Azərbaycan daha çox maraqlıdır. İşğaldan azad edilmiş ərazilərdəki 3000 obyektdən 400-dən çoxu dağıdılıb, 286 kitabxana, 67 məscid, 44 ibadət ocağı, 19 muzey, memarlıq, incəsənət mərkəzləri, tarixi, dini abidələr yerlə-yeksan edilib, 40 min muzey eksponatı oğurlanıb. 2008, 2015 və 2018-ci illərdə Azərbaycan UNESCO-ya müraciət ünvanlamışdı. Amma təşkilatdan bildirilmişdi ki, o, münaqişəyə müdaxilə edə bilməz. Ancaq indi qəfildən səhnəyə çıxdı. Bu kəskin dönüş təşkilatın səmimiyyəti ilə bağlı suallar doğurur. 2021-ci ilin fevralından növbə UNESCO-nundur. Təşkilatın əlində silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunmasına dair 1954-cü il Haaqa Konvensiyası var. Konvensiyada bildirilir ki, razılığa gələn Tərəflər mədəni sərvətlərin oğurlanması, talan edilməsi və ya mənimsənilməsinin, habelə sözügedən əmlakla əlaqəli bütün vandalizm aktlarının qadağan edilməsini, qarşısının alınmasını və lazım olduqda ona son qoyulmasını öhdələrinə götürürlər. Həmçinin başqa bir tərəfin ərazisində yerləşən daşınan mədəni sərvətlərin rekvizisiyası qadağan edilir. Bütün bu cinayətlərə və bu Konvensiyanın ciddi pozuntularına görə Ermənistan məsuliyyət daşımalıdır.
R.Mustafayev vurğulayıb ki, Ermənistan Fransa və digər Avropa ölkələrindəki xristianların dəstəyini almaq üçün Qarabağ böhranına dini və mədəni don geyindirməyə çalışaraq, onu dinlərarası qarşıdurma kimi təqdim etmək istəyirlər.
Azərbaycan müsəlman dünyasında ilk parlamentli və dünyəvi respublikadır. Eyni zamanda, Azərbaycan dünyəvilik və tolerantlıq dəyərlərinə sahib olan, 3 dinin nümayəndələrini sülh, harmoniya və qarşılıqlı anlaşma içində bir araya gətirərək respublika dəyərlərinin möhkəmləndirilməsi ətrafında birləşdirən müsəlman ölkəsidir. Məzhəblər və etnik azlıqlar qanunla bərabərdir. Müxtəlif məzhəblərin nümayəndələri birlikdə dua edirlər. Müsəlman, katolik, pravoslav, protestant, dağ yəhudisi, əşkinazi icmaları ibadət azadlığına malikdirlər. Bütün icmalar dövlətin mənəvi və maliyyə dəstəyindən faydalanır. Əslində, bu birliyin, etnik həmrəyliyin sayəsində Azərbaycan müharibədə Qələbə qazanıb.
Diplomat diqqətə çatdırıb ki, Azərbaycanın Dağlıq Qarabağdakı ermənilərlə bağlı mövqeyi aydındır. Onların statusu Cümhuriyyət Konstitusiyasında, BMT Təhlükəsizlik Şurasının “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindən olan ermənilərə” aid edilmiş xüsusi qərarları ilə müəyyən edilib. Onlar Azərbaycan vətəndaşlarıdır. Biz ölkə Konstitusiyasına uyğun olaraq etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq, bütün vətəndaşlar üçün bərabər hüquqları təmin edirik.
Digər tərəfdən, respublika dəyərlərinə hörmət tələb edən Fransa kimi, biz də erməni icmasından bunu gözləyirik.
Birinci müharibədən əvvəl Dağlıq Qarabağda 48 etnik azlığın yaşadığını bildirən səfir qeyd edib ki, 1990-cı illərin əvvəlində onların hamısı erməni silahlı qüvvələri tərəfindən didərgin salınıb. “Müsəlman Azərbaycan Dağlıq Qarabağ bölgəsində mədəni, etnik və dini müxtəlifliyi qoruyub saxlamış, ancaq xristian Ermənistanı bütün bu müxtəlifliyi darmadağın edərək, bölgəni 100 faiz monoetnik hərbi kazarmaya çevirmişdir. Beləliklə, “sivilizasiyaların toqquşması” məsələsi İslam və xristianlıq arasında deyil, Ermənistan tərəfindən həyata keçirilən nifrət, etnik təmizləmə və təcavüz ilə tolerantlıq və dünyəvilik arasındadır”, -deyə səfir vurğulayıb.
“Radikal islamçılıq”, “ekstremizm” və ya “İslamçı terrorizm”, “İslamçı separatizm” terminlərinə münasibət bildirən R.Mustafayev bu terminlərdən siyasi partiyaların İslam haqqında subyektiv, səthi fikirləri, hətta bəzən İslam dininə və müsəlmanlara qarşı düşmən baxışları olan mütəxəssislər tərəfindən səsləndirilidiyini deyib.
Bildirilib ki, bu gün Fransa əsl “kommunitarizm”lə üzləşib və bu, çox təhlükəlidir. Fransada bir çox təsir dairələri (senator, deputat, bələdiyyə sədrləri, siyasətçilər, jurnalistlər) erməni icmasının maraqlarını irəli sürərək, Azərbaycan icmasının maraqlarını tapdalayırlar. Ən dəhşətlisi isə odur ki, “bu kommunitarist” fəaliyyətlərini beynəlxalq hüquqa, Fransa qanunlarına zidd olaraq həyata keçiriblər. Fransa yerli hakimiyyət orqanlarının qanunazidd fəaliyyətlər göstərərək qanunsuz rejimlə 27 müqavilə imzalayıblar.
Vurğulanıb ki, Fransanın seçkili məmurları erməni icmasının əlində girovdur. Respublika prinsipləri və bərabərlik dəyərləri təhlükə altındadır. Bu, təkcə bir icmanın maraqlarının digərinkindən deyil, həm də Fransa qanunlarından üstün tutulmasıdır. Azərbaycan “kommunitarizm”in olmadığı dünyəvi respublika kimi Fransaya nümunə ola bilər.
Sonda səfir diqqətə çatdırıb ki, 44 günlük müharibə zamanı Fransa Ermənistanın tərəfində olduğunu açıq-aydın göstərdi. Ancaq yalnız qərəzsiz Fransa Qafqazda eşidilə və mövqeyini qoruyub saxlaya bilər. Bunun üçün Fransa beynəlxalq və ikitərəfli öhdəliklərinə riayət etməlidir.