Fransalı jurnalistlər Azərbaycanda dövlət-din münasibətləri barədə məlumatlandırılıb
Mayın 18-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Fransadan gəlmiş jurnalistlərlə görüş keçirilib.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, fransalı jurnalistlər Jan-Mişel Lüsyen Bran, Karim Ahmed İfrak və Sarra Durmanın daxil olduğu nümayəndə heyəti ilə görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olması və dini konfessiyaların real əməkdaşlıq müstəvisi barədə danışıb. Ölkəmizdə mövcud dinlər, konfessiyalararası, habelə məzhəblərarası münasibətlər barədə fransız media mənsublarını ətraflı məlumatlandıran Şeyxülislam A. Paşazadə 44 günlük Vətən müharibəsində Zəfərin qazanılmasında bu birlik və həmrəyliyin xüsusi önəm kəsb etdiyinə diqqəti çəkib.
Vətən müharibəsi dövründə erməni tərəfinin hadisələrin mahiyyətinin yanlış təqdim olunması istiqamətində qarayaxma, ittihamlarla dolu təbliğatı, xüsusilə dini müstəvidə münaqişə kimi təqdim olunması məsələsinə dair fransalı yazarların sualını cavablandıran QMİ sədri bildirib ki, bu, tamamilə yanlış yanaşmadır və Azərbaycanın haqlı mübarizəsində, dünya birliyi tərəfindən tanınan ərazilərini azad etmək yönündə ədalətli mübarizəsi dövründə xristian təəssübkeşliyinə nail olmaq, dini hisslərdən sui-istifadə etməyə hesablanmış saxtakarlıqdır. Şeyxülislam A.Paşazadə bildirib ki, 1988-ci ildən - münaqişə başlayandan etibarən dəfələrlə müxtəlif vasitəçi tərəflərin — Ümumdünya Kilsələr Şurası, Rus Pravoslav Kilsəsi, Gürcü Pravoslav Kilsəsinin vasitəçilik missiyası ilə baş tutmuş yüksəksəviyyəli görüşlərdə Erməni Apostol Kilsəsinin bütün rəhbərləri, o cümlədən hazırkı Katolikos-Patriarx II Qaregin münaqişənin dini səciyyə daşımadığını etiraf etmiş, Birgə bəyannamələrdə imzaları ilə təsdiqləmişlər.
QMİ sədri Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində törətdiyi vəhşiliklər, vandalizm aktları, dini məbədlərə qarşı təhqiramiz münasibəti barədə fransalı media mənsublarını geniş məlumatlandırıb. Bildirib ki, Ermənistan mədəni abidələrə qarşı törətdiyi soyqırımı siyasətini ört-basdır etmək məqsədilə Azərbaycana qarşı yalan ittihamlar irəli sürür, guya erməni dini abidələrinə xələl gətirildiyi iddiası ilə qarayaxma kampaniyası aparır. Halbuki, erməni tərəfi işğal dövründə qədim alban, ənənəvi pravoslav kilsələrini erməniləşdirmək, qriqoryanlaşdırmaqla məşğul olmuş, onların mənşəyini saxtalaşdırmış, müsəlman məscid və ziyarətgahlarını dağıtmış, yandırmış, tövləyə çevirərək təhqir etmişdir. Şeyxülislam A.Paşazadə milli-dini, multikultural dəyərlərə böyük ehtiramla yanaşan Azərbaycan dövlətinin dağıdılmış mənəvi irsinə sahib çıxdığını, dövlətimizin başçısı bəyan etdiyi kimi, işğalçıların məhv etdiyi bütün dinlərə məxsus mənəviyyat abidələrini - məscid, kilsə, sinaqoqları bərpa edib dirçəldəcəyini qonaqların diqqətinə çatdırıb.
Görüşə görə təşəkkürlərini bildirən fransalı jurnalistlər QMİ sədrinin Azərbaycanda mövcud dini konfessiya rəhbərləri və təmsilçiləri ilə birlikdə onlarla görüşməsini xüsusi minnətdarlıqla qeyd ediblər. İndiyədək Azərbaycan reallıqları barədə 20-yə yaxın məqalə ilə çıxış etdiyini bildirən fransalı jurnalist Jan-Mişel Lüsyen Bran işğaldan azad olunmuş Qarabağa səfər edəcəklərini diqqətə çatdırıb, bilavasitə müşahidələrini Fransa mediasında işıqlandırmaq niyyətində olduqlarını bildirib. O, Bakıda olduqları müddətdə müxtəlif din mənsublarının ölkəmizdə öz ibadətlərini rahat, azad şəkildə həyata keçirdiklərini, insanların simasında xoşbəxtlik, fərəh müşahidə etdiklərini xüsusi vurğulayıb.
Azərbaycandakı dini konfessiyaların rəhbərləri ilə ayrıca müsahibələr təşkil etmək niyyətini bildirən fransalı jurnalist Karim Ahmed İfrak ölkəsində də belə dinlərarası mühit arzusunda olduğunu gizlətməyib. Jurnalist dinlər, məzhəblər arasında belə nümunəvi münasibətlərin mövcudluğunun dövlətin yalnız tərəqqisinə xidmət etməsi barədə qənaətini bölüşüb.
Fransalı jurnalistlər pandemiya səngidikdən sonra Azərbaycanın multikultural dəyərlərinin təbliği və təşviqi məramı ilə Fransada beynəlxalq forumların təşkilinin məqsədəuyğun olduğunu dilə gətirərək, QMİ sədrindən bu istiqamətdə təşəbbüs göstərməsini xahiş ediblər. Bildirilib ki, Fransa cəmiyyətində dinlərarası dialoqa dair belə bir foruma ehtiyac duyulur. Şeyxülislam A.Paşazadə 2017-ci ildən QMİ nəzdində Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin fəaliyyət göstərdiyini və onadək ölkədə, o cümlədən Avropa dövlətlərində - Almaniya, İspaniya, Avstriyada mötəbər beynəlxalq konfranslar təşkil etdiklərini diqqətə çatdıraraq, yaxın gələcəkdə Fransada bu xətlə tədbirin təşkilinin mümkünlüyünü nəzərdən keçirə biləcəklərini bildirib.
Görüşdə qonaqlara Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların Məşvərət Şurasının təsis olunduğu barədə məlumat verilib. Bildirilib ki, Azərbaycanın multikultural həyat reallığından irəli gələn bu təsisat dünyada az təsadüf olunan nümunədir.
Görüşdə iştirak edən Dağ Yəhudiləri İcmasını başçısı Melih Yevdayev, Roma Katolik Kilsəsinin Bakıdakı ordinarisi Yepiskop Vladimir Fekete, Avropa yəhudiləri icmasının başçısı Aleksandr Şarovski, Rus Pravoslav Kilsəsinin Azərbaycan Yeparxiyasının rəsmi nümayəndələri çıxış edərək, Azərbaycanda mövcud dini-mənəvi həyatın nümunəvi gerçəklikləri barədə danışıblar. Bir ailə kimi yaşadıqları Azərbaycanda etnik və dini müxtəlifliyin ölkənin sərvəti kimi dəyərləndirilməsini, dövlətin dini icmaları diqqət və qayğı ilə əhatə etməsini böyük nemət kimi qiymətləndiriblər. Dini icmaların təmsilçiləri dövlətin dinə münasibəti sayəsində hər zaman birlikdə, qarşılıqlı anlaşma və əməkdaşlıq şəraitində olmalarını məmnuniyyətlə qeyd edib, çoxmillətli, çoxkonfessiyalı Azərbaycanın uğurlarının təməlində duran dəyərlər sırasında nümunəvi dinlərarası dialoq mühitinin də olduğunu xüsusi vurğulayıblar.
Fransalı jurnalistlər səmimi görüşə, dolğun məlumatlı çıxışlara görə təşəkkür edib, xatirə fotoları çəkdirib, Fransa mətbuatında tezliklə maraqlı məqalələrinin dərc olunacağını bildiriblər.
https://azertag.az/xeber/1783973