Azərbaycanın Respublika Gününün 103-cü ildönümü Parisdə də qeyd edilib VİDEO
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində xalqımıza bəxş etdiyi Qələbə sevincindən sonra ilk dəfə 28 May –Respublika Günü dünyanın müxtəlif ölkələrində sevinclə, yüksək əhval-ruhiyyədə qeyd olunur. Ölkəmizin Fransadakı diplomatları da müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümünü qeyd ediblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyinin, eləcə də UNESCO yanında daimi nümayəndəliyinin diplomatları, bu ölkədəki diasporumuzun üzvləri, Sən-Klu şəhər merinin müavini Mark Klimo və müşaviri Mirey Gezenek, həmçinin tədqiqatçı Gerogi Mamulya şəhər qəbiristanlığında uyuyan Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət ediblər.
Əvvəlcə Birinci Qarabağ və Vətən müharibələri şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev çıxış edərək, builki Respublika Gününün tamamilə yeni əhval-ruhiyyədə qeyd olunduğunu bildiriblər. Diqqətə çatdırılıb ki, Vətən müharibəsindən Qələbə ilə ayrılan Azərbaycan xalqı ilk dəfədir 28 May – Respublika Gününü ərazi bütövlüyü bərpa olunmuş formada qeyd edir. Vurğulanıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu sayəsində torpaqlarımız 30 illik işğaldan azad edilib, ərazi bütövlüyümüz bərqərar olub. Mərasimdə ulu öndər Heydər Əliyevin “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” fikri səsləndirilərək bildirilib ki, bu gün ölkəmizin hər bir vətəndaşı azərbaycanlı olması ilə fəxr edir.
Mərasimdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, həyata keçirdiyi islahatlardan söz açılıb, Azərbaycanın Paris Sülh Konfransına gəlmiş nümayəndə heyətinin məqsədləri xatırladılıb. Bu gün ölkəmizin regionun aparıcı ölkəsinə çevrildiyi vurğulanıb. Müasir müstəqil Azərbaycanın dünyaya dövlətçilik nümunəsi olduğu söylənilib.
Sən-Klu şəhər merinin müavini Mark Klimo çıxış edərək, azərbaycanlı diplomatlara qoşulmaları, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Əlimərdan bəy Topçubaşovun vaxtilə onların şəhərində yaşamasından qürur duyduqlarını diqqətə çatdırıb.
Tədqiqatçı Georgi Mamulya Əlimərdan bəy Topçubaşov haqqında apardığı tədqiqat işlərindən, onun həyat və yaradıcılığından danışıb. Paris Sülh Konfransına gəlmiş Azərbaycan nümayəndə heyətinin məqsədlərindən söz açıb. Bildirib ki, Azərbaycan nümayəndə heyətinin əsas məqsədi ölkəmizin sərhədlərinin, eləcə də müstəqilliyini tanıdılması, onun qərbyönümlü siyasət yürüdəcəyini göstərmək olub. Azərbaycan müsəlman Şərqində ilk parlamentli, dünyəvi, demokratik respublika kimi tarixə düşüb.
Sonra milli hökumətin rəsmi “Azərbaycan” qəzetinin naşiri, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin qardaşı və nümayəndə heyətinin üzvü Ceyhun Hacıbəylinin xatirəsi yad edilərək, məzarı önünə əklil qoyulub.
Mərasim iştirakçıları milli hökumətin parlamentinin, eləcə də nümayəndə heyətinin üzvü Məhəmməd Məhərrəmovun Monparnas (Montparnasse) qəbiristanlığındakı məzarını, eləcə də ilk hökumətin ticarət və sənaye naziri olmuş, parlamentin və nümayəndə heyətinin üzvü Əkbər ağa Şeyxülislamovun, Mirzə Əsədullayevin Paris ətrafındakı Bobinyi (Bobigny) müsəlman qəbiristanlığındakı məzarlarını ziyarət edərək önünə əklil qoyublar.
Sonra Azərbaycanın Fransadakı səfirliyinin, UNESCO yanında daimi nümayəndəliyinin və Fransa Azərbaycanlıları Koordinasiya Şurasının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə virtual konsert təşkil olunub. Azərbaycan Mədəniyyət Mərkəzində təşkil edilmiş və sosial şəbəkələr vasitəsilə canlı yayımlanan konsert Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb.
Konsertdə azərbaycanlı musiqiçilər Səidə Zülfüqarova (piano), Etibar Əsədli (piano), Səddam Novruzbəyov (tütək, balaban) və Qabriel Çalik (violonçel) azərbaycanlı və xarici bəstəkarların əsərlərini ifa ediblər.