2021-06-18

Fransalı senatordan nazirə: Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməsi üçün hansı addımları atmaq fikrindəsiniz

Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməsi üçün Fransa hansı addımları atmaq fikrindədir? Azərbaycan 1992-ci ildən Ermənistanın qanunsuz olaraq işğal altında saxladığı ərazilərinə nəzarəti bərpa edib. Ancaq bununla daha çətin vəziyyətlə üzləşib. Avropa Şurası Parlament Assambleyasına dağıntılarla bağlı çoxsaylı müraciətlərdən savayı, minalardan təmizlənmə məsələsi də ortaya çıxır. Ermənistan beynəlxalq hüquqa zidd olaraq, minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Fransanın Orn departamentindən olan senator Natali Qulenin ölkəsinin Avropa və xarici işlər nazirinə Qarabağdakı vəziyyətlə bağlı ünvanladığı yazılı müraciətdə yer alıb.

Fransız senator bildirib ki, işğal etdiyi Laçını, Ağdamı, Kəlbəcəri tərk etmək məcburiyyətində olduqlarını görən ermənilər bu əraziləri tamamilə minalayıblar. Ermənistanın minalanmış ərazilərin xəritələrini verməməsi səbəbində 20 mülki şəxs və 85 hərbçi tank və piyada əleyhinə minaların qurbanları olub və ya ağır yaralanıblar.

“Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməsi üçün hansı addımları atmaq fikrindəsiniz?”, - deyə N. Qule fransız nazirdən soruşub.

Xatırladaq ki, senator Natali Qule bu yaxınlarda Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərində səfərdə olub və gördüyü mənzərələrdən dəhşətə gəldiyini bildirmişdi.

https://azertag.az/xeber/1799581

 

Arxiv üzrə axtarış