2021-06-18

Səfir: Regionda yalnız qərəzsiz Fransaya yer var

Bugünkü dinləmədə yeni məlumatlar aldım. 1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsində 4000-dək azərbaycanlının itkin düşməsindən xəbərsiz idim. Bugünkü görüşün nəticəsi kimi Azərbaycan tərəfinin irəli getmək iradəsini görürük. Münaqişənin davamlı həllində maraqlı olduğunu və bu istiqamətdə iradəsi görünür.

Hər iki tərəfi dinləməklə bağlı fikrinizlə razılaşırıq. Aydın görünür ki, Fransa daha çox erməni lobbisinin təsirinə məruz qalıb. Fransada böyük erməni diasporu var. Nəticədə, münasibətlərdə qeyri-tarazlıq yaranıb və tarazlığın yaradılması üçün sizin burada olmağınız vacibdir. Azərbaycanla bağlı söylədiyiniz fikirlərlə razıyam. Gözəl paytaxtınız var, mədəniyyətin nə qədər əhəmiyyətli olduğunu əks etdirir. Ölkənizdəki tolerantlığa ehtiramımı bildirirəm.

Azərbaycanın dünyəvi, demokratik ölkə olduğunu bilirdik və siz bir daha təsdiqlədiniz. Azərbaycanın postmünaqişə baxışlarını və aktual vəziyyətlə bağlı çağırışlarını aydın şəkildə ifadə etdiyinizə görə təşəkkürümüzü bildiririk.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Fransa Senatında Qarabağ müharibəsi ilə bağlı yaradılmış işçi qrupun məruzəçilərinin Azərbaycanın bu ölkədəki səfiri Rəhman Mustafayevlə təşkil etdiyi dinləmələr zamanı Senatın xarici əlaqələr, müdafiə və silahlı qüvvələr komissiyasının vitse-prezidentləri Olivye Siqolotti və Joel Geryo Azərbaycanla bağlı fikirlərini ifadə edərkən söyləyiblər. Onlar təəssüflə qeyd ediblər ki, Minsk qrupu münaqişənin həlli prosesində iflasa uğrayıb, həll yolu tapa bilməyib. Münaqişənin həlli üçün hərbi yol seçildiyinə təəssüflənsələr də, bəzən bunun qaçılmaz olduğunu bildiriblər.

Belə dinləmələrin əsl reallıqları bilmək üçün əvəzsiz və vacib olduğu vurğulanıb. Mətbuatın manipulyasiya edildiyi və mediada yazılanların reallıq və həqiqətləri əks etdirmədiyi təəssüf hissi ilə qeyd olunub.

Səfir Rəhman Mustafayev 44 günlük müharibədən sonrakı mərhələnin əsas çağırışlarından – azad edilmiş ərazilərimizin minadan təmizlənməsi, yenidənqurma işləri, iki ölkə arasında barışıq, Qarabağın icmaları arasında etimadın yaradılması və erməni mənşəli vətəndaşların inteqrasiyası, eləcə də UNESCO-nun texniki missiyasından söz açıb. İndiki vəziyyətdə üzləşilən məsələlərlə bağlı ətraflı məlumat verib.

Vurğulayıb ki, indiki mərhələdə əsas yolların minalanmış olması ən böyük fəlakətdir. Şəhərlər, kəndlər, qəbiristanlıqlar 30 illik işğal dövründə yerlə-yeksan edilib, yer üzündən silinib. Ermənistanın mina xəritələrini verməkdən imtina etdiyi vurğulanaraq, bu səbəbdən doğma torpaqlarından 30 ildir didərgin salınmış azərbaycanlı məcburi köçkünlərin evlərinə dönə bilmədiyini xatırladıb.

Diplomat son günlər Fransa mətbuatında “erməni əsgərlərinin saxlanması” ilə bağlı təhrif olunaraq yazılan məlumatlardan söz açıb, əslində, onların gecə vaxtı ərazilərimizi yenidən minalamağa cəhd edən diversiya qrupu olduğunu diqqətə çatdırıb və bununla bağlı təhqiqat aparıldığını deyib.

Diqqətə çatdırıb ki, Birinci Qarabağ müharibəsində Ermənistan tərəfindən əsir götürülən 4000 azərbaycanlının taleyindən bu gün də xəbər yoxdur. Bu gün qondarma “müharibə əsirləri” deyən Ermənistan, əslində, mülki azərbaycanlılara qarşı törətdiyi cinayətləri ört-basdır etməyə cəhd edir. Ermənistanın yaxın dostu olan Fransa mövcud imkanlarından istifadə edərək azərbaycanlıların taleyi ilə bağlı məlumatların ölkəmizə təqdim edilməsinə yardım göstərə bilər.

Xatırladılıb ki, müharibə bitdikdən sonra hərbi əsirlər “hamının hamıya” prinsipi əsasında dəyişdirilib. Bildirilib ki, Azərbaycanda saxlanılan ermənilər müharibədən sonra torpaqlarımıza soxularaq, biri mülki şəxs olmaqla, 5 azərbaycanlını qətlə yetirən təxribatçı qrupun üzvləridir.

Səfir işğal müddətində Ermənistan tərəfinin Azərbaycanın tarixi və mədəni irs abidələrini dağıtdığını, muzey eksponatlarını yandırdığını və talan etdiyini xüsusi vurğulayıb. UNESCO-nun texniki missiyasının bölgəyə səfərində Azərbaycanın hamıdan çox maraqlı olduğunu, hətta bir neçə il əvvəl qurumun texniki missiyasının işğal altındakı ərazilərə səfərinin təşkilini tələb etməsinə baxmayaraq, bu səfərin Ermənistan tərəfindən rədd edildiyini diqqətə çatdırıb.

Azərbaycanda erməni mənşəli vətəndaşların gələcəyi ilə bağlı danışan diplomat bildirib ki, ölkəmiz tolerant, multikultural və çoxsaylı etnik qrupların birgə mehriban yaşadığı ölkədir. Azərbaycanda bütün vətəndaşların hüquq bərabərliyi Konstitusiya ilə təmin olunur və olunacaq. Dağlıq Qarabağda münaqişədən əvvəl 48 etnik qrupun nümayəndələri yaşayıb, ancaq işğal dövründə Ermənistan bu ərazini özü kimi monoetnik hərbi kazarmaya çevirib.

Fransalı senatorun 44 günlük müharibənin Ermənistan üçün təhqir və alçaldıcı olması ilə bağlı fikrinə cavabında bildirilib ki, Azərbaycan ötən əsrin 90-cı illərində BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və Fransanın da səs verdiyi 4 qətnamənin həyata keçirilməsini 30 il gözləyib. Həmin qətnamələr erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Belə vəziyyətdə təhqirdən, alçalmadan söz gedə bilməz. 2020-ci ilin payızında Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edib. Bu, kimsə üçün fəlakət ola bilər, ancaq beynəlxalq hüquq çərçivəsində bu, regionda qanuni vəziyyətin bərpasıdır.

Azərbaycanın regionda davamlı sülh üçün bütün səylərini səfərbər etdiyini deyən diplomat Zəngəzur nəqliyyat dəhlizinin açılmasının əhəmiyyətindən söz açıb, bu dəhlizdən regionun bütün ölkələrinin, o cümlədən Ermənistanın bəhrələnəcəyini bildirib. Zəngəzur dəhlizinin hələ sovet dövründə fəaliyyət göstərdiyini vurğulayaraq, ölkəmizin bu istiqamətdə konkret layihələri olduğunu deyib.

Son günlər sərhədlərdə baş verən hadisələrlə bağlı qeyd edilib ki, Azərbaycan əraziləri sovet rejiminin iflasının ilk günüdən işğal altında olduğu üçün iki ölkə arasında delimitasiya və demarkasiya işləri aparılmayıb. Azərbaycan xəritəsini təqdim edərək, bu gün sərhədçilərimizin beynəlxalq səviyyədə tanınmış sərhədlərimizdə dayandığını diqqətə çatdırıb. Bildirib ki, Fransa mətbuatının tez-tez haqqında yazdığı Sünik tarixən Azərbaycana məxsus olmuş Zəngəzurun ərazisindədir.

Həmçinin səfir R.Mustafayev Ermənistanın Azərbaycanın təbii ehtiyatlarını qeyri-qanuni istismar etdiyini xatırladaraq, bu istiqamətdə də mütəxəssislərin çalışdığını bildirib. Qeyd edib ki, ölkəmizə dəyən ziyan hesablandıqdan sonra bununla bağlı beynəlxalq məhkəmələrə müraciət olunacaq.

Dağlıq Qarabağın statusu ilə bağlı suala cavab verən səfir bildirib ki, bu məsələ artıq öz həllini tapıb. Azərbaycan Respublikası Konstitusiyasının 2 fəslinin 7-ci maddəsinin 1-ci bəndində aydın göstərilib ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Azərbaycan unitar, bütöv, bölünməz ölkədir.

Müharibə dövründə Fransanın qərəzli mövqe tutduğu, Senat və Milli Assambleyada qeyri-qanuni qərarların qəbul edildiyi xatırladılıb. Bildirilib ki, Ermənistanla ən yaxın olan ölkə kimi Fransa bu gün açıq qalan məsələlərə, o cümlədən iki ölkə, eləcə də Azərbaycan və erməni icmaları arasında etimadın və etibarın qurulmasına, sülhün bərqərar olmasına töhfə verə bilər. Regionda yalnız qərəzsiz Fransaya yer var. Əlbəttə, regiona gəlməzdən əvvəl Fransa qərəzsiz mövqeyini göstərməli, təsdiqləməli, Azərbaycanla bağlı mövqeyini açıqlamalıdır. Fransanın Azərbaycanla bağlı prinsipləri bəlli olmalıdır.

Fransa Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə tanımalıdır. Bunlar Fransanın regiona qayıtması və Azərbaycanla münasibətlərinin inkişafı üçün əsas baza prinsipləridir. Fransa regiona qayıtmaq üçün bölgənin ən güclü dövləti olan Azərbaycanın sülh quruculuğu səylərini dəstəkləməlidir.

Sonda diplomat qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda böyük beynəlxalq və regional layihələrin təşəbbüsçüsü və müəllifidir.

https://azertag.az/xeber/1797691

 

Arxiv üzrə axtarış