Fransa portalı: Azərbaycan Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsinə böyük əhəmiyyət verir
Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması yolu ilə Cənubi Qafqaz regionunda sülh və sabitliyin möhkəmləndirilməsinə böyük əhəmiyyət verir. Prezident İlham Əliyev erməni tərəfinə iki ölkə arasında diplomatik münasibətlər üçün hüquqi zəmin yaradacaq, dövlətlərimizin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığı sahəsində qarşılıqlı hörməti təsdiqləyəcək ikitərəfli sülh müqaviləsinin hazırlanması üzərində işə başlamağı artıq təklif edib. Azərbaycan Qarabağda yaşayan erməniləri öz vətəndaşları hesab edir, onların bütün səviyyələrdə gündəlik həyata inteqrasiyası üçün bütün imkanlara və siyasi iradəyə malikdir.
Bu fikirlər Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyovun “Musulmanenfrance” portalına müsahibəsində yer alıb.
E.Əmirbəyov bildirib ki, azərbaycanlılar və ermənilərin sülh və harmoniyada birgəyaşayışının uzun tarixini unutmaq olmaz. Sovet dövründə, ondan əvvəl və hətta bu gün Azərbaycanın digər rayonlarında azərbaycanlı və erməni icmalarının nümayəndələri birgə yaşayıb və yaşayırlar. Gürcüstanda da Azərbaycan və erməni mənşəli insanlar mehriban şəraitdə birgə yaşayırlar.
Müsahibədə Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin birinci müavinləri səviyyəsində işçi qrupunun fəaliyyət göstərdiyi, 30 il ərzində blokadada qalmış bütün kommunikasiya yollarının açılması istiqamətində birgə səylər göstərildiyi diqqətə çatdırılıb. Kommunikasiya yollarının açılması regional iqtisadi əməkdaşlıq üçün nəhəng perspektivlərdən xəbər verir. Həmçinin bu, iki icma arasında etimadın möhkəmlənməsinə töhfə verəcək. Müharibənin yenicə qurtardığı və yaraların hələ tam sağalmadığını deyən E. Əmirbəyov qeyd edib ki, ölkəmiz Ermənistanla münasibətlərin qurulması istiqamətində iradəsini nümayiş etdirir. İki ölkə arasında əlaqələrin normallaşması Cənubi Qafqazı yaxşı qonşuluq, əməkdaşlıq və dostluq bölgəsinə çevirəcək.
Müsahibədə Fransa-Azərbaycan münasibətlərinə də toxunulub. Bildirilib ki, müharibə zamanı və ondan sonrakı dövrdə Fransa tərəfindən söylənən fikirlər, eləcə də nümayiş olunan mövqe iki ölkə arasındakı münasibətlərə xələl gətirməklə yanaşı, həm də rəsmi Parisin özünün dəfələrlə ifadə etdiyi fikir və göstərdiyi mövqeyə zidd idi.
https://azertag.az/xeber/1807513