Lyon Apellyasiya Məhkəməsi Şuşanın Azərbaycanın şəhəri olduğunu təsdiqləyib
Lyon Apellyasiya Məhkəməsi Şuşanın Azərbaycanın şəhəri olduğunu bir daha təsdiqləyərək, erməni lobbisini məyus etdi.
Ermənistanın təxribatlarının qarşısını almaq və uzun illərdir işğal altında qalan tarixi torpaqlarımızı azad etmək məqsədilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun “Dəmir yumruq” əməliyyatı ilə başladığı Vətən müharibəsi təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə son qoymaqla bərabər, dünyadakı erməni mifini darmadağın etdi və ermənilərin kapitulyasiyası, tam məğlubiyyəti ilə başa çatdı. Məğlubiyyəti həzm edə bilməyən fransadakı erməni lobbisinə Lyon Apellyasiya Məhkəməsi daha bir məğlubiyyət yaşadıb.
AZƏRTAC xəbər verir ki, Lyon Apellyasiya Məhkəməsi 2015-ci ildə erməni lobbisinin təhriki ilə əhalisinin əksəriyyəti erməni mənşəli fransızlar olan Sənt-Etyen, Burq-le-Valans, Desin-Şarpyö şəhərlərinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa və Xocavənd şəhərləri ilə qanunsuz imzalanmış əməkdaşlıq xartiyasına son qoyub. Artıq bir neçə ildir mübahisəli olan məhkəmə işi başa çatıb. Ermənilər əməkdaşlıq xartiyasının saxlanmasına çalışsalar da, Apellyasiya Məhkəməsi imzalanmış sənədin qeyri-qanuni olduğunu qətiyyətlə bildirib və əməkdaşlıq sənədini ləğv edib. Həmçinin ermənilər məhkəmə xərclərini də ödəməli olublar.
Qeyd edək ki, 2013-cü il iyun ayından etibarən Fransanın bir sıra yerli hakimiyyət orqanlarının rəhbərləri (əsasən erməni icmasının çox olduğu regionlar -Ile de France, Rhone-Alpes, Alpes-Provence-Cote-d’Azur) Qarabağın işğal olunmuş ərazilərinin separatçı nümayəndələri ilə əməkdaşlıq haqqında 28 qeyri-qanuni sənəd (nizamnamə, bəyannamə, bəyanat, saziş və xartiya) imzalamışdılar. Paytaxtı Lyon şəhəri olan və daha çox erməni məskunlaşmış Overn-Ron-Alp regionu ilə belə 15 qanunsuz sənəd imzalanıb. Azərbaycanın Fransadakı səfirliyi bu qanunsuz sənədlərin ləğvi istiqamətində iş apararaq, məhkəmələrə müraciət edib.
“Lyon Apellyasiya Məhkəməsinin ləğv etdiyi xartiyalar məhz bu regionun 3 şəhəri ilə imzalanıb. İşğal altında olmuş Şuşada (2014-cü il oktyabrın 5-də Burq-le -Valans və 2018-ci il oktyabrın 21-də Sənt-Etyen) və Xocavənddə (2017-ci il sentyabrın 25-də Desin- Şarpi) separatçı rejimin nümayəndələri ilə qanunsuz dostluq xartiyaları imzalanmışdı. Fransadakı səfirliyimizin apardığı işlər nəticəsində Qrenobl (2019-cu il 6 iyun) və Lyon (2019-cu il 19 sentyabr) İnzibati Məhkəmələri bu qanunsuz sənədləri ləğv ediblər.
“Erməni icmasının təzyiqi altında bələdiyyə başçıları apellyasiya şikayəti verdilər və rəsmi bildiriş aldıq ki, Lyon İnzibati Apellyasiya Məhkəməsi hər üç şikayəti rədd edib və əvvəlki ləğv qərarlarını qüvvədə saxladı”, - deyə səfir Rəhman Mustafayev vurğulayıb. O qeyd edib ki, bütün qanunsuz sənədlərin ləğv edilməsi səfirliyin prioritet vəzifəsi olub, ancaq ölkəmizin mənəvi paytaxtı olan Şuşa xüsusi mövzu olub. Yerli daşnakların və ASALA üzvlərinin satqın fransız siyasətçiləri ilə birlikdə torpaqlarımızın işğalını qanuniləşdirməsinə yol verə bilmərik.
Xatırladaq ki, səfirliyimizin səyləri nəticəsində Fransanın müxtəlif instansiya məhkəmələri tərəfindən 10 qanunsuz sənəd artıq ləğv edilib. Onlardan 4-ü apellyasiya şikayəti əsasında rədd edilib, 3 qanunsuz sənəd məhkəmədə baxılır, digər qanunsuz sənədlərlə əlaqədar işlər davam edir.