Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində şəhidlərimizin xatirəsi anılıb
Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində Fransadakı səfirliyimiz və UNESCO yanında Daimi Nümayəndəliyimizin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Fransadakı səfirimiz Rəhman Mustafayev və UNESCO yanında daimi nümayəndəmiz, səfir Elman Abdullayev Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi altında Müzəffər Ordumuzun rəşadəti sayəsində torpaqlarımızın Ermənistanın işğalından azad olunmasından söz açaraq, onun xalqımızın tarixi zəfəri olduğunu vurğulayıblar. Fransada yaşayan azərbaycanlı icmasının üzvləri arasındakı birlik və həmrəylikdən danışaraq, birliyin belə bir ölkədə daha böyük əhəmiyyət kəsb etdiyini qeyd ediblər.
Səfirlər Azərbaycan Prezidenti İlham Əliyevin “France 24” televiziya kanalına verdiyi müsahibədən danışıb. Azərbaycanda xalq-dövlət möhkəm birliyinin ölkəmizin İkinci Qarabağ savaşındakı parlaq qələbəsində mühüm rol oynadığı diqqətə çatdırılıb. Bu birliyin daha da möhkəmləndirilməsi və qorunub saxlanmasının hər bir azərbaycanlının ən mühüm borcu olduğu qeyd edilib.
44 günlük Vətən müharibəsi dövründə həqiqətlərin yayılmasında Fransadakı diaspora üzvlərimizin rolu yüksək qiymətləndirilib. Onların daha da fəal olmalarının vacibliyi vurğulanıb.
Sonda Mədəniyyət Nazirliyinin Bakı Media Mərkəzi ilə birlikdə hazırladığı video nümayiş olunub.