Azərbaycanın Fransadakı səfiri “Sciences Po Paris” universitetinin tələbələri ilə görüşüb VİDEO
Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevin bu ölkənin ən nüfuzlu ali təhsil ocağı olan “Sciences Po Paris ” universitetinin tələbələri ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə səfir tələbələrə Azərbaycanın tarixi, xarici siyasəti və 44 günlük müharibədən sonrakı vəziyyət haqqında məlumat verib.
Ölkəmizin müsəlman Şərqində ilk demokratik və dünyəvi respublika olduğu diqqətə çatdırılıb.
Ermənistan-Azərbaycan münaqişəsinə toxunan səfir bildirib ki, Fransanın da imzaladığı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu təsdiqləyir. Ölkəmizin münaqişənin həllində həmişə sülh yolunu tutduğunu diqqətə çatdırıb. Ötən il Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan işğal altındakı torpaqlarının azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün ərzində torpaqlarımız azad etdiyini vurğulayıb.
Səfir müharibədən sonrakı vəziyyətdən söz açaraq, azad edilmiş torpaqlarımızın minadan təmizlənməsi, işğal dövründə erməni silahlı qüvvələri tərəfindən tamamilə dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, bu ərazilərdə nəqliyyat infrastrukturunun bərpası istiqamətində görülən işlərdən danışıb. Qarşıda duran əsas prioritetləri sadalayıb. 44 günlük müharibədən sonra regionda yaranmış reallıqdan danışaraq, yeni geosiyasi mənzərəni təqdim edib. Azərbaycan-Fransa münasibətlərinə toxunub. ATƏT-in Minsk qrupunun həmsədri kimi, Fransanın üzərinə düşən öhdəliklərdən danışıb.
Sonda səfir tələbələrin suallarını cavablandırıb. Tələbələr Azərbaycan Mədəniyyət Mərkəzindəki muzeylə tanış olublar. Onlara Azərbaycanın tarixindən, mədəniyyətindən bəhs edən kitablar hədiyyə edilib və 44 günlük müharibə, eləcə də ondan sonrakı vəziyyəti əks etdirən “İkinci Qarabağ müharibəsindən bir il sonra” adlı məlumat broşüru təqdim olunub.
https://azertag.az/xeber/1895363