2021-11-09

Zəfər Günü xalqımızın şanlı tarixinə yazılan qürur səhifəsidir

Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində xalqımızın Zəfər bayramı təntənə ilə qeyd edilib

Paris, 9 noyabr, AZƏRTAC

Bu gün səhər telefonumu açdıqda gördüyüm ilk gözəl paylaşım Prezident Rəcəb Tayyib Ərdoğanın Şuşa yolunda “Zəfər yolu-Şuşa 70 km” plakatı yanında çəkdirdiyi fotosunu özünün sosial şəbəkə hesabında paylaşaraq, Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etməsi oldu. Türkiyə 44 günlük Vətən müharibəsində qardaş Azərbaycanın yanında oldu və daim qardaş ölkənin yanında olacağıq. Qonşu ölkələr də bunu bilməlidirlər. Güclü Azərbaycanı bütöv sərhədi ilə qəbul edib tanımalıdırlar. Zəfər bayramını sizinlə birlikdə, sevinclə qeyd edirəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin Fransadakı səfiri Refik Ali Onaner Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində təşkil olunan 8 Noyabr - Zəfər bayramı tədbirində deyib.

Bayram tədbirində Fransadakı səfirimiz Rəhman Mustafayev, UNESCO yanında daimi nümayəndə, səfir Elman Abdullayev, Türkiyənin Fransadakı səfiri Refik Ali Onaner, Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının baş katibi Seymur Fətəliyev, Milli Məclisin deputatları Soltan Məmmədov, Eldar Quliyev, Fransada fəaliyyət göstərən assosiasiyalarımızın rəhbərləri, diaspor fəalları iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.

Tədbirdə Türkiyə səfiri, Fransadakı səfirimiz, UNESCO yanında daimi nümayəndəmiz, deputatlarımız çıxış edərək, müstəqilliyimiz uğrunda mübarizəmizdən, ulu öndər Heydər Əliyevin müdrik siyasəti ilə hələ 90-cı illərdə bugünkü Zəfərin təməlinin qoyulmasından, ötən il Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun şücaəti ilə 30 illik erməni işğalına, 28 illik Şuşa nisgilinə son qoyulmasından danışıblar.

Bildiriblər ki, müzəffər Ordumuz erməni mifini 44 gündə darmadağın etdi, dünya müharibə tarixində yeni mərhələnin təməlini qoydu, dünyaya güclü Azərbaycanın şücaətini göstərdi. Zəfər Günü xalqımızın şanlı tarixinə yazılan qürur səhifəsidir.

“Bir il əvvəl şəhidlərimizin canı, qanı bahasına çaldığımız Qələbə, torpaqlarımızın azad edilməsi tarixi ədalətin, beynəlxalq hüququn aliliyinin, insan hüquqlarının, xüsusilə də 30 ilə yaxın müddətdə doğma yurdundan didərgin salınmış bir milyon azərbaycanlının hüquqlarının bərpasıdır. Qələbəmiz xalqımızın həmrəyliyinin, xalq-hakimiyyət birliyinin, Azərbaycan-Türkiyə qardaşlığının nümayişidir. Şəhid ailələri ilə görüşürük. Şəhid analarının bir gözü ağlayır, bir gözü gülür. Azərbaycan bütövlüyü naminə övladını itirən ana ağlasa da, torpaqlarımızın azad edilməsinə sevinir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun apardığı 44 günlük ədalət müharibəsi göstərdi ki, Azərbaycan güclü dövlətdir və tək deyil”, - deyə Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Çıxış edənlər Azərbaycan xalqını, tədbir iştirakçılarını Zəfər bayramı münasibətilə təbrik ediblər.

Sonra gənc fleytaçı Ağarəhim Quliyev Üzeyir Hacıbəylinin “Koroğlu uvertürasını” səsləndirib. Xatırladaq ki, Fransanın Ecole Normale de Musique de Paris-Alfred-Cortot ali musiqi məktəbinin tələbəsi, azərbaycanlı fleytaçı Ağarəhim Quliyev “Qızıl açarlar” beynəlxalq musiqi müsabiqəsinin fleyta aləti üzrə “Qızıl açar” mükafatına layiq görülüb.

Tədbir çərçivəsində azad edilmiş ərazilərimizdə erməni vəhşiliyini əks etdirən fotolardan ibarət sərgi nümayiş olunub.

Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə yaradılmış guşədə onların ruhuna şamlar yandırılıb.

https://azertag.az/xeber/Zefer_Gunu_xalqimizin_sanli_tarixine_yazilan_qurur_sehifesidir-1921372

 

Arxiv üzrə axtarış