2021-11-09

Zəfər Günündə Paris yaxınlığındakı qəbiristanlıqlarda uyuyan azərbaycanlıların məzarları ziyarət olunub

8 Noyabr-Zəfər Günündə Azərbaycanın Fransadakı səfirliyinin və UNESCO yanında Daimi nümayəndəliyimizin diplomatları Sən -Klu, Bobinyi və Monparnas qəbiristanlıqlarında uyuyan ilk azərbaycanlı respublikaçıların qəbirlərini ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, ziyarətdə səfir Rəhman Mustafayev, UNESCO yanında daimi nümayəndə, səfir Elman Abdullayev, Milli Məclisin deputatları Soltan Məmmədov və Eldar Quliyev, Sən-Klu merinin birinci müavini Seqolen dö Larmina, eləcə də diplomatlarımız və diaspora üzvləri iştirak ediblər.

Səfirlərimiz çıxış edərək, 1919-cu ildə Paris Sülh Konfransına gəlmiş Azərbaycan nümayəndə heyətinin üzvlərindən, onların siyasi amallarından, Azərbaycanın müstəqillik yolunda keçdiyi çətin yollardan, üzləşilən çətinliklərin xalqımızın iradəsini sındıra bilməməsindən söz açıblar.

Azərbaycanın müstəqilliyini bərpa etməsində ulu öndər Heydər Əliyevin müdrik siyasəti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun şücaətindən danışıblar. Torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.

Sən-Klu merinin birinci müavini Seqolen dö Larmina ölkəsinin tarixini Azərbaycan tarixi ilə müqayisə edərək, Azərbaycanın daha çətin yollar keçdiyini xüsusi vurğulayıb. Azərbaycan oğullarının xatirəsinin yad edilməsi tədbirinə bir neçə dəfə qatıldığını vurğulayaraq, 1918-ci ilin hər iki ölkə üçün vacib il olduğunu, həmin ilin noyabrın 11-də Fransada “Barışıq Günü” kimi qeyd edildiyini deyib. Müstəqilliyin əhəmiyyətinə toxunaraq, Azərbaycanlıları Zəfər bayramı münasibətilə təbrik edib.

Sən-Klu qəbiristanlığında uyuyan Azərbaycan oğulları- Əlimərdan bəy Topçubaşov və Ceyhun Hacıbəylinin, eləcə də Bobinyi və Monparnas qəbiristanlıqlaırnda Əsədullayev qardaşlarının, Əkbər ağa Şeyxülislamov, Məhəmməd Məhərrəmov kimi Xalq Cümhuriyyəti qurucularının qəbirləri ziyarət olunub və üzərinə əklil qoyulub.

Arxiv üzrə axtarış