2021-11-17

Azərbaycan-Vatikan münasibətlərinin 30 illiyinin qeyd edilməsi müzakirə olunub

Azərbaycanın Fransada və Müqəddəs Taxt-Tacdakı səfiri Rəhman Mustafayev Dinlərarası Dialoq üzrə Pontifik Şurasının prezidenti, kardinal Migel Ayuso (Miguel Ángel Ayuso Guixot) ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Vatikan arasında əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Vatikanın həmişə tarazlı mövqe tutduğu qeyd edilib.

İkitərəfli münasibətlərin səviyyəsi yüksək qiymətləndirilən görüşdə Heydər Əliyev Fondunun Vatikanın mədəni və dini irsinin qorunub saxlanması istiqamətində həyata keçirdiyi layihələrdən söz açılıb. Azərbaycanın mədəniyyətlər və dinlər arasında dialoqa verdiyi töhfələrdən danışılıb, ölkəmizdəki tolerantlıq mühiti yüksək qiymətləndirilib. Azərbaycanın İslam dini abidələri ilə bərabər, xristian abidələrini də qoruyub saxlaması, həmçinin bərpa etməsi Vatikan tərəfindən təqdir edilib.

Səfir R. Mustafayev diqqətə çatdırıb ki, hansı dinə aid olmasından asılı olmayaraq, bütün dini abidələr Azərbaycanın mədəni sərvətidir, onlara dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma işlərindən söz açan səfir bu ərazilərdə dağıdılmış bütün dini abidələrin bərpa olunacağını diqqətə çatdırıb.

Görüşdə gələn il qeyd ediləcək Azərbaycan-Vatikan münasibətlərinin 30 illiyinə dair fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, bu çərçivədə qarşıdan gələn il yüksəksəviyyəli nümayəndə heyətlərinin səfərləri təşkil olunacaq.

Tərəflər, eyni zamanda, yeni əməkdaşlıq layihələrinə dair fikir mübadiləsi aparıblar.

Azərbaycan səfirliyinin diplomatları Mikayıl Ramazanlı və Vüqar Əliyev də görüşdə iştirak ediblər.

Arxiv üzrə axtarış