2021-11-15

Vatikanda Azərbaycanın sülhə, barışığa çağırışlarından danışılıb

Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri Rəhman Mustafayev Vatikanın Dövlət katibinin ümumi işlər üzrə müavini Edqar Pena Parra ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Vatikan arasında ikitərəfli münasibətlərin inkişafı müzakirə olunub. Vatikanda Azərbaycan səfirliyinin açılmasının ölkəmizin Müqəddəs Taxt-Taca, eləcə də onunla əməkdaşlığa verdiyi dəyərin göstəricisi olduğu vurğulanıb.

Görüşdə Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələr bir daha yüksək qiymətləndirilib. Qarşıdan gələn il Azərbaycan-Vatikan münasibətlərinin 30 illiyi, bu çərçivədə yüksəksəviyyəli səfərlərin reallaşması, tədbirlərin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb. Vatikan tərəf müzakirə olunan məsələləri yüksək qiymətləndirib.

Görüşdə ölkəmizdəki dini icmaların rəhbərlərinin Vatikana səfərinə də toxunulub, bu, müsəlman və xristian dünyaları arasında mehriban əməkdaşlığın göstəricisi kimi dəyərləndirilib.

Azərbaycan səfiri münaqişədən sonrakı dövrdə ölkəmizin sülhə, inkişafa çağırışlarından söz açıb. Bu istiqamətdə Vatikanın mühüm rol oynaya biləcəyi vurğulanıb. Görüşdə, həmçinin birgəyaşayışa, tolerantlığa ehtiyac olduğu diqqətə çatdırılıb, humanitar məsələlərə toxunulub. Regionda sülhün, barışığın bərpası üçün konstruktiv və müsbət davranışların, münasibətlərin zəruriliyi vurğulanıb.

Kommunikasiyaların açılmasına toxunan səfir bunun Azərbaycan və Ermənistan xalqlarının tərəqqisinə xidmət edəcəyini bildirib.

Azərbaycanın humanitar aspektləri əldə rəhbər tutaraq üçtərəfli Bəyanatın imzalanmasından sonra təxribat törədən erməniləri azad etdiyi, erməni əsgərlərinin nəşinin qarşı tərəfə təhvil verdiyi diqqətə çatdırılıb.

Arxiv üzrə axtarış