Vatikanda jurnalistlərə ermənilərin Qarabağda törətdikləri vandalizm aktları barədə məlumat verilib
Azərbaycan ərazilərində ermənilər tərəfindən törədilən vandalizm aktları ilə bağlı məlumat vermək məqsədilə Vatikanda mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri Rəhman Mustafayev yerli jurnalistlərə 44 günlük müharibədən sonra bölgədə yaranmış vəziyyət, Qarabağda bugünkü reallıqlar, ölkəmizin sülh çağırışı barədə danışıb.
Ölkəmizin müsəlman Şərqində ilk demokratik və dünyəvi respublika olduğunu diqqətə çatdıran səfir vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu təsdiqləyir. Ölkəmiz münaqişənin həllində həmişə sülh yolunu tutub. Ötən il Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan işğal altındakı torpaqlarının azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün ərzində torpaqlarımızı azad edib.
Səfir müharibədən sonrakı vəziyyətdən söz açaraq, azad edilmiş torpaqlarımızın minadan təmizlənməsi, münaqişə zamanı itkin düşmüş 4 min azərbaycanlının taleyi, işğal dövründə erməni silahlı qüvvələri tərəfindən tamamilə dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, bu ərazilərdə nəqliyyat infrastrukturunun bərpası istiqamətində görülən işlərdən danışıb və bu işləri əks etdirən videoçarxlar nümayiş olunub. Diplomat qarşıda duran prioritetləri sadalayıb, 44 günlük müharibədən sonra regionda yaranmış reallıqdan danışaraq, yeni geosiyasi mənzərəni təqdim edib.
“Bütün ölkələr Qarabağla bağlı yeni reallıqları qəbul etməlidir. Azərbaycan həmişə sülh niyyətini nümayiş etdirib, yenə də etdirir və barışıq təklifini uca səslə bəyan edir. Münaqişənin əsas səbəbi erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarında mövcudluğu idi, bu gün onlar artıq ərazilərimizdən çıxarılıb. Bununla da münaqişə başa çatıb”, - deyə R. Mustafayev diqqətə çatdırıb.
Diplomat, eyni zamanda, Qarabağda yaşayan hər iki icmanın sakinləri olan Azərbaycan vətəndaşları arasında etimadın yaradılması tədbirlərinin gücləndirilməsi, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının zəruriliyinə toxunub.
Sonda səfir yerli jurnalistlərin suallarını cavablandırıb. Jurnalistlərin iki icmanın birgə yaşaması və erməni sakinlərin təhlükəsizliyi ilə bağlı suala cavab verən səfir deyib: “Münaqişədən əvvəl hər iki icmanın sakinləri birlikdə mehriban şəraitdə yaşayıblar. Qarabağda təkcə bu iki icmanın deyil, ümumilikdə 48 etnik qrupun nümayəndəsi yaşayıb. Ermənistan əraziləri işğal etməklə orada etnik təmizləmə aparıb. Ancaq Azərbaycan bu ərazilərdə əvvəlki vəziyyəti bərpa edəcək. Qarabağda yaşayan erməni mənşəli sakinlər də Azərbaycan vətəndaşlarıdır və onlar digər vətəndaşlar kimi yaşayacaqlar”.