2022-05-29

Parisdə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Paris, 27 may, AZƏRTAC

Parisdə Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə 28 May – Müstəqillik Günü təntənəli şəkildə qeyd edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Fransa Avropa və Xarici İşlər Nazirliyinin Kontinental Avropa İdarəsinin direktoru Frederik Mondoloni, bir çox ölkələrin Fransada akkreditə olunmuş səfirləri, diplomatlar, elm və incəsənət xadimləri, yerli ictimaiyyətin və diaspor nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan və Fransa Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Sonra səfir Rəhman Mustafayev çıxış edərək 104 il bundan əvvəl, 28 may 1918-ci ildə tarixi “İstiqlal bəyannamə”sinin qəbul edilməsi ilə Şərqdə və bütün müsəlman dünyasında, ilk parlament tipli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını vurğulayıb. Bu gün də multikulturalizm ənənəsi ilə dünya ölkələrinə nümunə olan Azərbaycanın hələ bir əsr əvvəl yaratdığı parlamentdə ölkədə yaşayan bütün etnik qrupların öz nümayəndələri ilə təmsil olunduğunu diqqətə çatdırıb. O, Azərbaycanın müsəlman Şərqində ilk dünyəvi ölkə olduğunu xatırladıb. Qeyd edib ki, ötən əsrin 90-cı illərində yenidən müstəqilliyini bərpa edən ölkəmiz ermənilər tərəfindən hərbi təcavüzə məruz qalıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun sayəsində 2020-ci ildə Azərbaycan yenidən öz ərazi bütövlüyünü bərpa edib.

Səfir Brüssel görüşünə və bu görüşdə əldə edilmiş nəticələrə toxunub. Azərbaycanın böyük siyasi uğurundan söz açan səfir qeyd edib ki, böyük dövlətlər, aparıcı beynəlxalq təşkilatlar regionda yeni reallıqları qəbul ediblər. Brüssel görüşündən sonra sərhədlərin müəyyən edilməsi istiqamətində ilk müsbət addımlar atılıb. Azərbaycan və Ermənistan sərhəd delimitasiyası üzrə komissiyalarının ilk görüşü baş tutub və bu böyük əhəmiyyət daşıyır. Sülh müqaviləsinin imzalanması istiqamətində də artıq işə başlanılıb.

Azərbaycan səfiri bu il 30 ili tamam olan Azərbaycan-Fransa diplomatik əlaqələrindən də danışıb.

Fransa Avropa və Xarici İşlər Nazirliyinin Kontinental Avropa idarəsinin direktoru Frederik Mondoloni Fransa Respublika Prezidenti və hökuməti adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. Fransa və Azərbaycan arasında dostluq əlaqələrinin olduğunu bildirib. Azad olunmuş ərazilərin minalardan təmizlənməsi, eləcə də dağıdılmış bu ərazilərin yenidən qurulması işində Fransanın Azərbaycanın yanında olduğunu deyib. Fransa tərəfinin ikitərəfli münasibətlərin inkişafı istiqamətində əməkdaşlığa hazır olmasından söz açıb. Azərbaycana və regiona sülh arzulayıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

 

https://azertag.az/xeber/Parisde_Azerbaycanin_Musteqillik_Gunu_qeyd_olunub_VIDEO-2154437

Arxiv üzrə axtarış