2022-06-29

“Şuşa İli” çərçivəsində Parisdə “Erməni separatistləri tərəfindən dağıdılmış Qarabağ xristian kilsələri” sənədli filminin təqdimatı olub

Paris, 29 iyun, AZƏRTAC

Azərbaycanın Fransadakı səfirliyinin Paris şəhərindəki Mədəniyyət mərkəzində “Şuşa İli” çərçivəsində “Erməni separatistləri tərəfindən dağıdılmış Qarabağ xristian kilsələri” adlı sənədli filminin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, filmin təqdimatından əvvəl Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Fransanın sabiq deputatı Jerom Lamber və filmin rejissoru Anastasiya Lavrina çıxış ediblər.

Rəhman Mustafayev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun sayəsində torpaqlarımızın erməni işğalından azad edilməsindən, erməni separatistləri tərəfindən törədilmiş dağıntılardan, bu ərazilərin bütünlüklə minalanmasından danışıb. Bildirilib ki, ermənilər işğal etdikləri ərazilərdə Azərbaycanın tarixi, mədəni və dini abidələri ilə yanaşı, xristian abidələrini də dağıdıblar. Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı ərazilərimizdə yerlə-yeksan etdiyi mədəni sərvətlərdən söz açan səfir diqqətə çatdırıb ki, bu müddət ərzində Qarabağ bölgəsində Azərbaycan mədəniyyətinin bütün izləri tamamilə məhv edilib. Ermənistan ərazisində də Azərbaycana məxsus mədəniyyət və dini abidələrin məhv edildiyini bildirən Rəhman Mustafayev bildirib ki, UNESCO-un texniki missiyası bu zərəri qiymətləndirmək üçün çoxdan Azərbaycana getməli idi. Ancaq təəssüf olsun ki, hələ də UNESCO texniki missiyası nə azad olunmuş ərazilərə, nə də Ermənistana göndərilməyib.

Səfir qeyd edib ki, “Erməni separatistləri tərəfindən dağıdılmış Qarabağ xristian kilsələri” sənədli filmi erməni separatistlərinin xristian kilsələrini necə dağıtdığını əyani şəkildə əks etdirir.

Jerom Lamber 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana səfərlərindən danışaraq, şahidi olduğu mənzərələrdən söz açıb. Bildirilib ki, ermənilər işğal olunmuş ərazilərdə təkcə Azərbaycan mədəni irs abidələrini deyil, həmçinin özlərinin də mənsub olduqları xristian dini abidələrini də dağıdıblar.

Filmin rejissoru Anastasiya Lavrina uzun müddət ictimaiyyətdən gizlədilmiş vəziyyətlə bağlı həqiqəti üzə çıxarmaq məqsədi ilə bu filmi hazırladığını diqqətə çatdırıb. O, BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmasına dair 4 qətnaməsinə baxmayaraq, münaqişənin yalnız 2020-ci ildə hərbi yolla həll olunduğunu deyib. Qeyd olunub ki, işğaldan azad edilmiş Azərbaycan torpaqlarında törədilmiş dağıntıların miqyası onu görənləri dəhşətə gətirir. A.Lavrina bildirib ki, sənədli filmin çəkilişində əsas məqsəd əsl həqiqəti beynəlxalq ictimaiyyətə çatdırmaqdır.

CBC televiziyasının kollektivi ilə birlikdə hazırlanmış filmdə Azərbaycanın Xocavənd rayonunda 100 il əvvəl tikilmiş pravoslav kilsəsinin tarixi və erməni separatistləri tərəfindən yararsız hala salındığı göstərilir.

A.Lavrina Azərbaycan torpaqları azad olunandan sonra həmin kilsəni ziyarət etmək istəsə də, erməni minalarına görə kilsəyə yaxın düşməyin çətin olmasından danışıb. O, multikulturalizm və tolerantlığın Azərbaycan modelinin bütün dünyada tanındığını, burada bir çox etnik qrupların nümayəndələrinin mehriban yaşadığı dünyəvi və tolerant ölkə olduğunu vurğulayıb. 44 günlük Vətən müharibəsi dövründə ölkədəki müxtəlif dini konfessiyaların nümayəndələrinin həmrəylik nümayiş etdirdiyini, Vətənin azadlığı və rifahı uğrunda mübarizə apardıqlarını diqqətə çatdırıb. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsi zamanı bütün etnik qrupların nümayəndələri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək, ölkənin ərazi bütövlüyünün müdafiəsinə qalxıblar.

O, Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olmasını istədiyini deyib.

Rəsmi hissədən sonra “Erməni separatistləri tərəfindən dağıdılmış Qarabağ xristian kilsələri” adlı sənədli film nümayiş olunub. Filmdən sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

 

https://azertag.az/xeber/2196815

Arxiv üzrə axtarış