2022-06-17

Parisdə “Qarabağa gedən yol” sənədli filminin təqdimatı keçirilib

Paris, 17 iyun, AZƏRTAC

Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində ERE televiziya kanalının Qarabağ və Şuşa şəhərindən hazırladığı “Qarabağa gedən yol” adlı sənədli filminin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, erməni işğalından azad edilmiş Azərbaycan ərazilərinə səfər etmiş ERE televiziya kanalının bir qrup jurnalisti şahidi olduqları erməni vandalizmini lentə alıblar. Jurnalistlər lentə aldıqları mənzərələrlə bağlı “Qarabağa gedən yol” adlı hazırladıqları sənədli filmin təqdimatın keçiriblər.

Filmin nümayişindən əvvəl ERE televiziya kanalının jurnalisti Şaban Kasi, Zeynab Amri və Şokri Amri Azərbaycanın azad edilmiş ərazilərinə səfərləri ilə bağlı təəssüratlarını bölüşüblər. Azərbaycandakı tolerantlıq mühiti, multikulturalizm, eləcə də Qarabağa səfərləri zamanı gördükləri erməni vandalizmini əks etdirən mənzərələr, Azərbaycan Ordusunun qələbəsindən sonra aparılan yenidənqurma işlərindən danışıblar.

Çıxış edənlər “Qarabağa gedən yol” sənədli filminin ərsəyə gəlməsində, ERE televiziyasının jurnalistlərinin Azərbaycanın azad olunmuş ərazilərinə səfərin təşkilinə görə, Azərbaycanın Fransadakı keçmiş konsulu Vüqar Əliyevə təşəkkürlərini bildiriblər.

Səfir Rəhman Mustafayev çıxış edərək, Qarabağın, Şuşanın hər bir azərbaycanlı üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Səfir ERE televiziyasının jurnalistlərinə təşəkkür edərək, Şuşanın bütün azərbaycanlılar üçün əziz olduğunu bildirib. Şuşa şəhərinin tarixi haqqında məlumat verib, onun tarixi, mədəniyyət və siyasi əhəmiyyətindən söz açıb. Bildirib ki, Şuşa Azərbaycan musiqisinin beşiyi, mədəniyyət paytaxtıdır. Ölkənin tanınmış musiqiçiləri, bəstəkarları məhz Şuşada anadan olub. Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir.

“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun sayəsində Şuşa şəhəri azad edildi. Müharibə zamanı Prezident İlham Əliyevin “Şuşasız işimiz yarımçıq olar” deməsi bu şəhərin mənəvi dəyərlərini, eləcə də onun strateji əhəmiyyətini aydın əks etdirir.

Şuşasız zəfərimiz tam olmazdı, Şuşa azad edildikdən sonra zəfərimizə əmin olduq”, - deyə səfir vurğulayıb. Şuşanın strateji əhəmiyyətindən danışaraq, bu gün Şuşada, eləcə də azad olunmuş digər şəhərlərdə aparılan quruculuq işləri haqqında məlumat verib.

Sonra “Qarabağa gedən yol” filmi nümayiş olunub. Filmdə 30 il əvvəl Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ermənistanın hərbi təcavüzü ilə üzləşməsindən, birinci və ikinci Qarabağ müharibəsindən bəhs olunub. Erməni işğalı dövründə Azərbaycan ərazilərinin viran edilməsi, şəhərlərin, kəndlərin, bütün infrastrukturun dağıdıldığı nümayiş olunub. Ağdamın “Qafqazın Hiroşima”sı adlandırıldığı qeyd edilərək, məsciddə heyvanlar saxlanıldığı göstərilib. AZƏRTAC-ın və AzTV-nin həlak olmuş jurnalistlərindən bəhs olunub.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi rəşadətdən danışılan filmdə Zəfər Gününün Bakıda bayram edilməsi nümayiş olunub.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edildiyi bildirilərək, Şuşa şəhərinin tarixi haqqında ətraflı məlumat verilib. Böyük strateji əhəmiyyətə malik olan Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olduğu bildirilib. 28 il erməni işğalı altında qalmış Şuşada Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış mədəniyyət mərkəzləri, məqbərə, tanınmış şəxsiyyətlərin abidələri göstərilib. Hələ 1982-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Şuşada Molla Pənah Vaqifin məzarı üzərində ucaldılan əzəmətli məqbərənin açılışını, eləcə də erməni işğalı dövründə onun dağıdıldığını əks etdirən fraqmentlər təqdim olunub. Molla Pənah Vaqifin, Xurşidbanu Natəvanın, Bülbülün erməni silahlı qüvvələri tərəfindən güllələnmiş abidələri göstərilib.

Filmdə Azərbaycan Ordusunun Zəfərindən sonra Şuşada, eləcə də digər azad edilmiş Azərbaycan rayonlarında aparılan quruculuq işləri də nümayiş olunub. Sonra tədbir iştirakçıları ilə fikir mübadiləsi aparılıb və onların sualları cavablandırılıb.

ERE televiziyasının jurnalistləri Azərbaycana səfərləri ilə bağlı silsilə sənədli reportajlar hazırlayıblar və onları vaxtaşırı yayımlayırlar.

Qeyd edək ki, erməni FRA Nor Seround təxribatçı erməni daşnak gənclərinin “Qarabağa gedən yol” filminin təqdimatına mane olmaq cəhdlərinin qarşısı alınıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

 

https://azertag.az/xeber/2181047

Arxiv üzrə axtarış