Parisdə “Azərbaycan ilə Ermənistan arasında indiki vəziyyət və sülh perspektivləri” mövzusunda konfrans təşkil olunub
Paris, 9 iyun, AZƏRTAC
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun sayəsində torpaqlarımızı Ermənistanın işğalından azad etdik. Artıq Dağlıq Qarabağ münaqişəsi həll olunub, belə bir münaqişə yoxdur. Ölkəmiz Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə əlaqədar 5 prinsipdən ibarət təkliflərini təqdim edib. Ermənistan tərəfi bu prinsipləri qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Paris “Rotary Club”un birinci vitse-prezidenti Ardavan Amir-Aslani tərəfindən təşkil edilmiş “Azərbaycan və Ermənistan arasında indiki vəziyyət və sülh perspektivləri” adlı konfransdakı çıxışında deyib.
Konfransın əvvəlində A. Amir-Aslani çıxış edərək, Azərbaycan səfirini təqdim edib. O bildirib ki, 2020-ci ilin sentyabrında bütün xəbər başlıqları Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı idi. Bu müharibə Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsi ilə başa çatdı. Bir çox fransızların nəzərində bu münaqişə Şərq xristianlarının taleyini və onların tarixi irsini təhdid edirdi. Ermənilərə yaxın bəzi mətbuat orqanları bu müharibədə dini abidələrin hədəfə alındığını iddia edirdi.
30 il əvvəl Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarına soxularaq, Qarabağı Azərbaycanın qanuni suverenliyindən qopardığını, bu ərazilərdəki bütün müsəlman azərbaycanlıları doğma yurdlarından didərgin saldıqlarını xatırladan A. Amir-Aslani Azərbaycan səfirinə müraciət edərək soruşub: Bu gün Qarabağda vəziyyət necədir? Sülh perspektivləri nə yerdədir?
Səfir Rəhman Mustafayev Azərbaycanın tarixi haqqında məlumat verərək, ötən əsrin 90-cı illərində baş vermiş birinci Qarabağ müharibəsindən söz açıb. Bildirib ki, 250 min azərbaycanlı Ermənistandan, 750 mini isə Qarabağ və onun ətrafındakı rayonlardan olmaqla 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün olub. Həmin dövrdə ölkə əhalisinin hər 8 nəfərindən biri qaçqın və məcburi köçkün idi. BMT-nin, eləcə də digər beynəlxalq təşkilatların Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamə və qərarları xatırladan səfir bildirib ki, Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan ərazisində Dağlıq Qarabağ inzibati ərazisi yoxdur və olmayacaq.
Səfir Azərbaycanın münaqişədən sonra apardığı siyasətdən danışıb. Azərbaycanın qarşısında işğaldan azad edilmiş ərazilərdə dağıdılmış şəhər və kəndlərin, infrastrukturun və ətraf mühitin bərpası kimi mürəkkəb vəzifələr durduğunu vurğulayan səfir bildirib ki, əsas problem Qarabağın işğaldan azad edilmiş ərazilərinin vaxtilə ermənilər tərəfindən basdırılmış minalardan təmizlənməsidir. Uzun müddət çəkəcək bu mürəkkəb və genişmiqyaslı proses birinci müharibə zamanı Ermənistandan, eləcə də Azərbaycanın Qarabağ bölgəsi və ona qonşu rayonlardan didərgin salınmış azərbaycanlıların qayıdışını gecikdirir. İşğaldan azad edilmiş ərazilər hazırda mülki əhali üçün bilavasitə təhlükə yaradan minalarla və partlamamış silah-sursat qalıqları ilə doludur.
R. Mustafayev erməni işğalından azad edilmiş rayonların tamamilə dağıdıldığını, Ağdamın “Qafqazın Xiroşiması” adlandırıldığını, həmin rayonlarda tarixi, dini, mədəniyyət abidələrinin tamamilə məhv edildiyini vurğulayıb, UNESCO-dan Ermənistana və azad edilmiş rayonlara texniki missiya göndərməsi ilə bağlı cavab gözlənildiyini diqqətə çatdırıb. Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 minə qədər azərbaycanlının taleyi ilə bağlı Ermənistanın bu günə qədər məlumat vermədiyini xatırladıb. Azərbaycanın demokratik, dünyəvi, multikultural, çox konfessiyalı ölkə olduğu, burada 48 milli azlığın nümayəndələrinin birgə, mehriban yaşadığını diqqətə çatdırıb. Bu gün Azərbaycanın apardığı barışıq siyasətindən danışıb.
Səfir Azərbaycanın iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində təklif etdiyi 5 prinsipi sadalayıb. Bu prinsiplərin Ermənistan tərəfindən artıq qəbul edildiyini bildirib. Üçtərəfli Brüssel görüşü haqqında konfrans iştirakçılarını məlumatlandırıb. Sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı, eləcə də Zəngəzur nəqliyyat dəhlizinin tikintisi ilə bağlı komissiyaların yaradıldığını bildirib. Zəngəzur nəqliyyat dəhlizinin regional, xüsusilə də Ermənistanın iqtisadiyyatına verəcəyi töhfələrdən söz açıb.
Sonda səfir Rəhman Mustafayev konfrans iştirakçılarının suallarını cavablandırıb.
Konfransda “Paris Rotary Club”un prezidenti Didye Filastr, vitse-prezidentləri, eləcə də üzvləri iştirak ediblər.
Qeyd edək ki, Fransada 18 rayonda 1078 “Rotary Club” və onların 32 min üzvü, “Paris Rotary Club”unun isə 2 min üzvü var.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris