“Şuşa İli” çərçivəsində Parisdə muğam konserti olub
Paris, 21 may, AZƏRTAC
Ölkəmizin Fransadakı səfirliyinin və UNESCO üzrə Milli Komissiyasının birgə təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində “Qarabağ” muğam klubunun konserti olub.
AZƏRTAC xəbər verir ki, konsertdə Parisdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, diaspor və yerli ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Konsertdən əvvəl Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Qarabağ və Şuşa haqqında ətraflı məlumat verib, onların tarixi, siyasi əhəmiyyətinə toxunub. Şuşanın Azərbaycan mədəniyyət paytaxtı olmasından söz açıb. Azərbaycan Respublikası Prezidentinin 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzaladığını diqqətə çatdırıb. Bildirib ki, strateji mövqeyi ilə seçilən, Qarabağın tacı Şuşanın azad edilməsi Azərbaycanın tarixi Qələbəsinin zirvəsi idi. Şuşanın azad edilməsi 30 ilin torpaq həsrətinə son qoydu.
Vurğulanıb ki, ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində erməni silahlı qüvvələri tərəfindən 1992-ci ildə işğala məruz qalmış şəhərdə yüzlərlə tarixi və mədəniyyət abidəsi vandalizm aktları nəticəsində dağıdılıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuz 2020-ci il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyətimiz xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu.
Səfir bildirib ki, Qarabağ Azərbaycanın, Şuşa isə Qarabağın incisidir. Azərbaycanın musiqi beşiyi olan Şuşa Seyid və Xan Şuşinskilər, Bülbül, Üzeyir Hacıbəyli kimi məşhur bəstəkar və xanəndələr yetişdirib. Azərbaycan xalq musiqisinin inkişafında və formalaşmasında Şuşa şəhərində yetişən xanəndə və musiqişünasların müstəsna xidmətləri olub. Qarabağ xanəndələri muğam sənətini daha da inkişaf etdirib, onu daha da zənginləşdiriblər. Şuşanın klassik xanəndələri bütün Qafqazda, Mərkəzi Asiyada, Yaxın və Orta Şərq ölkələrində məşhur olan böyük və möhtəşəm muğam ifaçılığı məktəbi yaradıblar. Şuşa sənətkarlarının yaratdıqları musiqi məktəbləri xanəndəlik və vokal sənətinin inkişafına böyük töhfələr verib. Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.
Sonra Xalq artisti professor Mənsum İbrahimovun rəhbərliyi ilə Qarabağ muğam qrupunun konserti olub. Xalq artisti Elçin Həşimov (tarda), Əməkdar artist Elnur Əhmədov (kamança), Əməkdar artist Kamran Kərimovun (nağarada) müşayiəti ilə Mənsum İbrahimov və muğam müsabiqəsinin qalibi Gülzar Fərəcova “Rast”, “Bayatı Şiraz”, “Segah” təsniflərini “Azərbaycan gözəli”, “Şuşanın dağları”, “Qarabağ”, “Yaşa mənim xalqım!” mahnılarını ifa ediblər.
“Uşaq Avroviziyası – 2021” mahnı müsabiqəsinin iştirakçısı Sona Əzizova “Şuşam mənim” mahnısını ifa edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris