2022-05-11

Parisdə ulu öndər Heydər Əliyevin andan olmasının 99-cu ildönümü qeyd edilib

Paris, 11 may, AZƏRTAC

Azərbaycanın Fransadakı səfirliyi və UNESCO yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Parisdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, səfirliyin Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Azərbaycanın bu ölkədəki diplomatları, diaspor nümayəndələri, fransız siyasətçilər, tədqiqatçılar, incəsənət nümayəndələri, yerli media və ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Rəhman Mustafayev və daimi nümayəndə Elman Abdullayev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın xilaskarı, ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərindən danışıblar. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin adı ölkəmizin tarixinə əbədi həkk olunub. 1993-cü ildə Azərbaycanın ən çətin anlarında yenidən hakimiyyətə gələn Heydər Əliyev ömrünün son 10 ilini Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə həsr edib. Ulu Öndər ölkəni iqtisadi və sosial xaosa sürükləmiş müharibə və işğalla üzləşən, siyasi böhranla iflic vəziyyətinə düşən, vətəndaş müharibəsi astanasında olan ölkənin rəhbərliyinə gələrək, onu düşdüyü çətinlikdən çıxararaq dirçəldib.

Azərbaycanın Ümummilli Liderini Şarl de Qoll ilə müqayisə edən diplomatlar xalqları üçün çətin anlarda hakimiyyətə gələn hər iki dövlət rəhbərinin ölkələrinin inkişafına verdiyi töhfələrdən danışıblar. Qeyd edilib ki, Ulu Öndər üçtərəfli geosiyasi tarazlığı təmin edərək, Azərbaycanın qərbyönümlü siyasətini müəyyənləşdirib. “Əsrin kontraktı”nı imazalamaqla ölkəni regional və beynəlxalq səviyyədə nüfuzlu aktora, eləcə də Avropanın enerji təhlükəsiziliyinin təminatçısına çevirib. “Əsrin kontraktı” bütün regionun geosiyasi mənzərəsini dəyişərək Cənubi Qafqazı Avropa ilə birləşdirib.

Dünyadakı mövcud təhdidlərə, mürəkkəb geosiyasi vəziyyətə baxmayaraq, bu gün ölkəmiz sabitlik və inkişaf məkanıdır, dünyəvi müsəlman ölkəsidir, dünyanın digər dövlətləri ilə dialoq və əməkdaşlığa açıqdır. Bugünkü sabitlik və inkişaf Heydər Əliyev siyasətinin, onun iqtisadi və sosial məsələlərə mütərəqqi yanaşmasının, realizminin və müdrikliyinin bəhrələridir.

Fransanın Azərbaycanda ilk səfiri olmuş Jan Perrən çıxışında Ulu Öndərlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. O, Ulu Öndərlə Naxçıvandakı görüşündən söz açıb. Azərbaycanın ən çətin vaxtlarında ölkəmizə səfir təyin olunduğunu deyən Jan Perrən bildirib ki, Heydər Əliyev kimi böyük şəxsiyyəti görmək istəyi onu Naxçıvana aparıb. Həmin dövrdə Naxçıvana gedən ilk səfir olduğunu diqqətə çatdıran diplomat vurğulayıb ki, o vaxt Azərbaycanı çətin vəziyyətdən, parçalanmaq təhlükəsindən yalnız böyük siyasi xadim Heydər Əliyev çıxara bilərdi. O, hakimiyyətə gələndən sonra Azərbaycan tərəqqi etməyə, bütün sahələrdə dirçəlməyə başladı.

Digər çıxış edənlər Ulu Öndərin memarı olduğu inkişaf strategiyasının onun layiqli siyasi varisi, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar. Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan möhtəşəm nailiyyətlərə imza ataraq, dünya miqyasında böyük nüfuz sahibi olan dövlət kimi tanınır.

Tədbir “İthaf” adlı konsert proqramı ilə davam edib.

Konsertdə Etibar Əsədli (piano), Samuel Fhima (kontrabas), Martin Vangerme (zərb alətləri) müşayiəti ilə Sadiq Ağamalıyev Azərbaycan xalq mahnıları “Sarı gəlin” və Küçələrə su səpmişəm”i, həmçinin Üzeyir Hacıbəylinin “Sənsiz”, Fikrət Əmirovun “Lay-lay” əsərlərini ifa edib.

Konsertin sonunda gənc pianoçu Etibar Əsədli Ulu Öndərə həsr etdiyi “İthaf” əsərini səsləndirib.

 

https://azertag.az/xeber/2129141

Arxiv üzrə axtarış