Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Parisdə qeyd edilib
Paris, 30 dekabr, AZƏRTAC
Parisdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə səfirliyin diplomatları, Parisdə təhsil alan tələbələr və diaspor üzvləri iştirak ediblər.
Səfir Rəhman Mustafayev çıxış edərək ümummilli lider Heydər Əliyev tərəfindən təsis olunan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə soydaşlarımızı təbrik edib. Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində tarixi Qələbəsi dövlətimizin, xalqımızın, eləcə də xaricdə yaşayan azərbaycanlıların birlik, həmrəylik və qürur rəmzinə çevrilib. Böyük Zəfər ölkəmizin tarixində yeni səhifə açdığı kimi, xaricdə yaşayan soydaşlarımızı birləşdirən diasporumuzun fəaliyyətində yeni dövrün əsasını qoyub. Vətən müharibəsi diasporumuzu daha da mətinləşdirib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqəti və dəstəyi ilə xarici ölkələrdə, eləcə də Fransada fəaliyyət göstərən “Qarabağ” məktəblərinin açılması layihəsinə, eləcə də Xocalı soyqırımının tanıdılması istiqamətində həyata keçirilən layihələrə toxunulub.
Səfir diaspor üzvlərinin qarşısında duran yeni vəzifələrdən, gələn il üçün fəaliyyət planlarından, koordinasiya məsələlərindən danışıb.
Tədbir bayram süfrəsi ilə başa çatıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris