2022-08-17

Leyla Abdullayeva: İki ölkə arasında münasibətlərin normallaşdırılması üçün Ermənistan 2020-ci ildə götürdüyü öhdəliklərə riayət etməlidir

Paris, 16 avqust, AZƏRTAC

Başqa seçim yoxdur. 30 illik işğal nəticəsində demək olar ki, tamamilə dağıdılmış Qarabağın azad edilməsindən sonra barışıq və davamlı sülhün bərqərar olmasının zamanıdır. Xüsusilə enerji təchizatı baxımından çox vacib olan regionun balansı bundan asılıdır. Təəssüf ki, 30 ildir ki, Azərbaycanın bu istiqamətdə göstərdiyi səylər Ermənistanın ekspansionist iradəsi ilə üzləşib. Ermənistanın danışıqlardan imtina etməsi 2020-ci il müharibəsinə gətirib çıxardı. Bu gün bütün məsələlər həll olunmasa da, sülhün və ikitərəfli əməkdaşlığın yeni mərhələsinə yol açıqdır.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Fransanın “musulmansenfrance.fr” portalının direktoru, jurnalist Jan-Mişel Brənə müsahibəsində deyib.

L. Abdullayeva müsahibəsində İkinci Qarabağ müharibəsi, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ikitərəfli iradənin vacibliyindən, 30 illik işğal müddətində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin viran edilməsindən danışıb.

Bildirib ki, Azərbaycan iki ölkə arasındakı mübahisənin işğal faktı olduğunu dəfələrlə təkrarlayıb və 2020-ci il müharibəsi ilə işğala son qoyulub və Azərbaycan Ermənistanla münasibətlərini normallaşdırmağa hazırdır. Məhz buna görə də Azərbaycan Prezidenti ilk sülh təklifi ilə çıxış edib. Ancaq sülh üçün hər iki tərəfin siyasi iradəsi vacibdir. Azərbaycan Ermənistana uzatdığı dostluq və sülh əli ilə, eləcə də sülh sazişi təqdimatı və təşəbbüsləri ilə siyasi iradəyə malik olduğunu nümayiş etdirdi.

L. Abdullayeva iki ölkənin yüksək rəsmilərinin görüşündən, aparılan danışıqlardan, sərhədlərin delimitasiyası üçün hər iki ölkənin iştirak etdiyi komissiyanın yaradılmasından danışıb. Qeyd edib ki, Ermənistan son 30 ildə danışıqlar aparmaq niyyətində olsa idi, İkinci Qarabağ müharibəsinə ehtiyac olmazdı.

Artıq konkret addımlar atmaq lazımdır. Davamlı sülhü bərqərar etmək istəyiriksə, indi əsl vaxtdır. 30 ildən sonra davamlı sülh üçün real fürsətdir. Ermənistanın götürdüyü öhdəliklərə riayət etməsi vacibdir. Xüsusilə də, Ermənistan 2020-ci il atəşkəs razılaşmasında bütün hərbçilərini Azərbaycan ərazisindən çıxarmaqla bağlı götürdüyü öhdəliyə riayət etməlidir.

Regionun inkişafı üçün kommunikasiyaların bərpasının vacibliyini vurğulayan L. Abdullayeva Azərbaycan tərəfinin avtomobil və dəmir yollarının yenidən qurulması istiqamətində apardığı işlərdən söz açıb. Bu infrastrukturların 2023-cü ildə başa çatacağını qeyd edib.

İki ölkə arasında münasibətlərin normallaşması istiqamətində Azərbaycanın konkret tədbirlər gördüyünü vurğulayaraq, Ermənistanın da konkret tədbirlər görməli və real siyasi iradə nümayiş etdirməli olduğunu bildirib.

 

https://azertag.az/xeber/2254088

Arxiv üzrə axtarış