2022-08-26

Azərbaycan səfiri Vatikan rəsmiləri ilə görüşüb

Vatikan, 25 avqust, AZƏRTAC

Azərbaycanın Fransa və Müqəddəs Taxt-Tacdakı səfiri Rəhman Mustafayev Vatikan rəsmiləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Müqəddəs Taxt-Tacda missiyasının başa çatması münasibətilə Vatikana səfəri çərçivəsində səfir Rəhman Mustafayev dövlət katibi kardinal Pietro Parolin, Taxt-Tacın xarici işlər üzrə dövlət katibi Pol Riçard Qallager və Dövlət katibinin ümumi işlər üzrə əvəzçisi Edqar Pena Parra ilə görüşüb.

Görüşlərdə Azərbaycan Vatikan münasibətləri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ikitərəfli münasibətlərə verdiyi töhfələrdən söz açılıb. Ölkəmizin Vatikanda bərpa işlərinə töhfələri yüksək qiymətləndirilib. Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələrdən danışılıb.

İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar, işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın həyata keçirdiyi quruculuq layihələri, eləcə də Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinə verdiyi töhfələr haqqında danışılıb.

Regionda sülhün bərqərar olmasına Vatikanın göstərdiyi konstruktiv səylərə görə səfir Vatikan rəsmilərinə təşəkkür edib.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

 

https://azertag.az/xeber/2266016

Arxiv üzrə axtarış