2022-08-30

Fransa portalında Nizami Gəncəvi haqqında məqalə dərc olunub

Paris, 29 avqust, AZƏRTAC

“Musulmansenfrance” portalında Azərbaycanın böyük mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə dair məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə XIV əsrdə Avropa ədəbiyyatında önəm verilən humanist prinsipləri N. Gəncəvinin hələ XII əsrdə təbliğ edərək, dünya ədəbiyyatına təsir göstərdiyindən yazılır. Bildirilir ki, Avropada XV və XVI əsrin əvvəllərində diqqəti cəlb edən dəyərlər Nizami Gəncəvi yaradıcılığının əsas mehvəri olub. Qadının cəmiyyətdə yeri, gender bərabərliyi məsələsi, ədalət, təbiətə hörmət, düşünmək azadlığı kimi dəyərlər Nizami yaradıcılığında Avropadan bir neçə əsr əvvəl yer alıb.

Məqalədə Nizami Gəncəvi yaradıcılığı və onun əsərlərinin Avropa ədəbi məktəbləri ilə müqayisəli təhlili təqdim olunub. Qeyd edilib ki, Nizami Gəncəvi humanizmi xalqlar arasında harmoniyaya yönəlib. Nizami Gəncəvi əsərləri gender bərabərliyinin, sivilizasiyanın güzgüsüdür. İnsanları cəhalətdən, bir-birinə qarşı münaqişədən çıxarıb, birliyə, barışığa çağırır.

Fransada XV əsrin sonlarında yazıçılar, elm adamları, filosoflar və rəssamlar insanı öz yaradıcılıqlarının mərkəzi mövzusuna çevirdikləri halda bu mövzular hələ XII əsrdə böyük mütəfəkkir Nizami Gəncəvinin əsərlərinin əsas mövzusu olub. Böyük mütəfəkkirin əsərləri sivilizasiyamızın güzgüsü olduğu vurğulanır. Cəhalətdən, insanlar arasında münaqişədən çıxarıb, biliyə, birliyə doğru aparır.

Nizami Gəncəvinin Yaxın və Orta Şərqin ən böyük mədəniyyət və ticarət mərkəzlərindən, Qafqazın ən qədim şəhərlərindən biri olan, tarixi eramızdan əvvəl 494-cü ildən xəbər verən Gəncə şəhərində anadan olduğu yazılır.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

 

https://azertag.az/xeber/2269382

Arxiv üzrə axtarış