Fransa portalında Azərbaycan səfirinin Ermənistanın törətdiyi hərbi təxribatla bağlı müsahibəsi dərc olunub
Fransanın “Revueconflits.com” geosiyasi portalında Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevin Ermənistanın ölkəmizlə sərhəddə törətdiyi son təxribatlarla bağlı müsahibəsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, müsahibəsində səfir Rəhman Mustafayev sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Ermənistan ərazisindən Azərbaycan Ordusunun Kəlbəcər, Laçın və Daşkəsən rayonları ərazisində yerləşən hərbi mövqelərinə və kommunikasiya xətlərinə qarşı genişmiqyaslı hücumundan danışıb. Bildirib ki, erməni silahlı qüvvələri Azərbaycan Ordusunun təchizat yollarını minalamağa cəhd edib və genişmiqyaslı təxribat törədib. Bu təxribat nəticəsində 71 hərbçi həlak olub və iki mülki şəxs yaralanıb. Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində Ermənistan ordusunun atış mövqeləri zərərsizləşdirilib.
Diplomat qeyd edib ki, Azərbaycanın dövlət sərhədində törədilən son təxribat təsadüfi deyil, ona Ermənistanın son aylardakı destruktiv fəaliyyətinin ümumi kontekstində, xüsusilə də 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarını davamlı şəkildə pozması kontekstində baxılmalıdır. Səfir xatırladıb ki, Ermənistan hələ də minalanmış ərazilərin tam xəritələrini verməyib və bu, humanitar hüququn kobud şəkildə pozulmasıdır. Ermənistan “nə qədər mülki azərbaycanlı mina partlamasından ölərsə, bir o qədər yaxşıdır” prinsipi ilə hərəkət edir. Mina partlaması nəticəsində mülki şəxslərin də həlak olduqlarını və ya ağır yaralandıqlarını diqqətə çatdırıb. 2022-ci il avqustun 15-də Laçın şəhəri nəzarətə götürüldükdən sonra həmin ərazidə 2021-ci ildə Ermənistanda istehsal olunmuş 1300-dən çox mina aşkarlanıb.
Səfir vurğulayıb ki, Nikol Paşinyan Moskvada, Parisdə, Brüsseldə sülhdən danışarkən onun əsgərləri Azərbaycan ərazilərini minalayırdılar. 2020-ci il Bəyanatından irəli gələn öhdəliklərə və çoxsaylı vədlərə baxmayaraq, Paşinyan hələ də hərbi birləşmələrini Azərbaycan ərazisindən tam çıxarmayıb. Həmçinin bu il avqustun 30-da Moskvada iki ölkə arasında nəqliyyat marşrutlarının açılması ilə bağlı əldə olunan razılaşmaya baxmayaraq, Paşinyan yeni şərtlər təklif edib və faktiki olaraq bu prosesi pozub. Bir neçə gün əvvəl rəsmi Yerevan Zəngəzur-Mehri dəmir yolu tikintisi layihəsindən imtina edib. Halbuki bu dəmir yolu Ermənistan üçün olduqca faydalı layihədir, onun iqtisadi və nəqliyyat sistemini yeni regional bazarlarla əlaqələndirə bilər.
Müsahibədə, həmçinin diqqətə çatdırılır ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçirilmiş görüşlərdə əldə olunmuş razılaşmalara baxmayaraq, Ermənistanın sülh müqaviləsinin müddəalarını müzakirə etmək üçün hər iki ölkənin xarici işlər nazirləri formatında görüşdən imtina edib. Suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında danışıqlar prosesinin başlanması ilə bağlı Brüsseldə əldə olunmuş razılaşmalara rəğmən, sentyabrın 2-də Ermənistanın baş naziri və xarici işlər naziri ölkəmizin ərazi bütövlüyünə qarşı təxribat xarakterli bəyanatlar veriblər. Sentyabrın 7-də Vladivostokda Nikol Paşinyan gözlənilmədən Brüsseldə ən mühüm mövzular üzrə razılaşmanın olmadığını bildirdi. Nəhayət son günlər Laçın və Kəlbəcər rayonlarında hərbi və mülki obyektlərimizin atəşə tutulması intensivləşdi.
Azərbaycanın Qarabağ iqtisadi zonasında 3 milyard avrodan çox dəyəri olan irimiqyaslı iqtisadi və infrastruktur layihələri həyata keçirən Azərbaycanın vəziyyətin gərginləşməsində marağının olmadığı bildirilib. Vurğulanıb ki, Ermənistan Qarabağın yenidən qurulması, iki xalqın barışması prosesinə dözə bilmir və ya dözmək istəmir. Bu prosesin qarşısını almağa, köhnə münaqişəni yenidən alovlandırmağa, toqquşmaların coğrafiyasını genişləndirməyə çalışır. Buna nail olmağın isə ən təsirli yolu hərbi təxribatlardır.
Müsahibədə Zəngəzur dəhlizi haqqında ətraflı məlumat verilərək, Azərbaycanın bütün təşəbbüs və fəaliyyətlərinin konstruktiv xarakter daşıdığı, regionda dialoq, əməkdaşlıq və təhlükəsizlik mühiti yaratmağa yönəldiyi vurğulanıb.
ATƏT-in Minsk qrupu haqqında sualı cavablandıran diplomat deyib: “Prezident İlham Əliyevin bu məsələ ilə bağlı mövqeyi çox aydın və dəqiqdir. Münaqişə həll olunub, çünki onun əsas səbəbi aradan qaldırılıb və BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli qətnamələrinin əsas müddəaları yerinə yetirilib. Azərbaycanın əvvəllər işğal olunmuş yeddi rayonu Ermənistan silahlı birləşmələrindən azad edilib. Üstəlik, 2020-ci il 10 noyabr Bəyanatı Fransada yanlış olaraq çox vaxt “atəşkəs sənədi” adlandırılır. Bu, belə deyil. Bu, münaqişənin başa çatması, işğalçı qüvvələrin çıxarılması, regionda iqtisadi və nəqliyyat əlaqələrinin yaradılması haqqında bəyanatdır.
Ona görə də yeni regional nizam çərçivəsində, münaqişə artıq həll olunduğu bir vaxtda Minsk qrupuna ehtiyac görmürük. Prezident İlham Əliyevin dediyi kimi, biz ona “sağ ol, əlvida” demirik, ona “əlvida” deyirik. Minsk qrupunun mandatı Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll etmək idi. Bu, baş vermədi, çünki münaqişə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin “təbii özünümüdafiə hüququmuzu” əks etdirən 51-ci maddəsi əsasında hərbi yolla həll edilib”.
Bugünkü vəziyyətdə Fransanın rolu barədə də danışan diplomat bildirib ki, Fransa Aİ-nin ən böyük diplomatik və iqtisadi gücü kimi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə, etimad tədbirlərinin gücləndirilməsinə və regionumuzda müharibədən sonrakı yenidənqurma işlərinə müsbət təsir göstərə bilər. Rəsmi Bakı münaqişədən sonrakı məsələlərdə Parislə dialoqa və əməkdaşlığa meyillidir. Ancaq yeganə məsələ Fransanın özünün buna hazır olub-olmamasıdır.
Səfir qeyd edib ki, Fransa Ermənistanın və dünyanın digər ölkələrinin ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmətini mütəmadi olaraq vurğulayır. Prezident Makronun Fransa səfirlərinin konfransındakı son çıxışı zamanı onun bu prinsipləri dəstəkləməsi əvvəlkindən qat-qat güclü şəkildə dəfələrlə vurğulanıb. Lakin Fransa rəsmilərindən Azərbaycanla bağlı bu prinsipə heç vaxt dəstək eşitməmişik. Bəzən “Fransa Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almır” ifadələrini eşidirik. Amma aydındır ki, “sual etməmək” və “dəstəkləmək” fərqli ifadələrdir. Biz elə bir dövrdəyik ki, “konstruktiv qeyri-müəyyənlik” düsturları artıq işləmir. Əksinə, dağıdıcı rol oynayır.
Münaqişədən sonrakı nizamlanmada Fransanın gələcək rolu, eləcə də ölkələrimiz arasında münasibətlərin keyfiyyəti çoxsaylı cavablardan asılıdır. Təkcə Ermənistanın deyil, Azərbaycanın da suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət edilməklə, ikitərəfli münasibətlərimizdə və münaqişədən sonrakı mərhələnin bütün məsələlərində Parislə fəal dialoqda və dərin əməkdaşlıqda maraqlıyıq.
Regionda indiki vəziyyət Ermənistanın ideologiyası və siyasətinin nəticəsidir. Bu gün regionumuzda qeyri-sabitliyi yaradan yeganə münaqişə Ermənistanın hərəkətlərinin beynəlxalq hüquqla ziddiyyət təşkil etməsidir. Bu ölkə öz imzasına hörmət etmir, 2020-ci il 10 noyabr tarixli Bəyanatın müddəalarının icrasını, eləcə də Moskva və Brüsseldə əldə olunmuş razılaşmaları pozur. Biz regionda, eləcə də qonşularımızla sülh istəyirik. Buna görə də Ermənistanı belə təcrübələri dayandırmağa, Bəyanatın bütün müddəalarına, ilk növbədə, onun qanunsuz birləşmələrinin ərazilərimizdən çıxarılması və nəqliyyat yollarının açılması ilə bağlı müddəalarına ciddi şəkildə riayət etməyə və nəhayət sərhədlərin delimitasiyası və sülh müqaviləsinin hazırlanması kimi işlərə başlamağa çağırırıq.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris