Parisdə şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
Paris, 28 sentyabr, AZƏRTAC
Parisdəki Azərbaycan səfirliyi və UNESCO yanında Daimi Nümayəndəliyinin əməkdaşları 27 Sentyabr- Anım Günü ilə əlaqədar mərasim keçiriblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan səfirliyində keçirilmiş 27 Sentyabr - Anım Günü mərasimi Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra tədbir iştirakçıları şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Səfir Rəhman Mustafayev çıxış edərək, Prezident İlham Əliyevin Sərəncamı ilə 27 sentyabrın Anım Günü kimi qeyd edilməsinin Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olduğunu bildirib. Qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz “Dəmir yumruq” əməliyyatı nəticəsində Azərbaycan hərb tarixində qəhrəmanlıq salnaməsi yazıb. Bu azadlığı və fəxarəti azərbaycanlılara bəxş edən şəhidlərimizin xatirəsi qəlbimizdə əbədi yaşayacaq.
O dövlətimizin başçısının yüksək siyasi məharəti sayəsində diplomatik cəbhədə də böyük uğurlar qazanıldığını vurğulayıb. Vətən müharibəsi dövründə diplomatlarımızın da münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmasından danışıb. Bildirib ki, XXI əsrin müharibəsini aparan Azərbaycan Ordusunun döyüş taktikası, xüsusən Şuşa əməliyyatı bu gün dünyanın qabaqcıl hərbi məktəblərində öyrənilir.
Səfir vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Zəfərimizi təmin edən əsas amil xalq-dövlət-ordu birliyi olub. Bütün azərbaycanlılar həmrəylik nümayiş etdirərək, “Dəmir yumruq” ətrafında birləşdi. Torpaqlarımız azad edildi. Bu azadlıq şəhidlərimizin qanı bahasına başa gəlib. Şəhidlərimiz heç vaxt unudulmayacaq. Həmçinin səfir R. Mustafayev Vətən müharibəsi zamanı Azərbaycanın ədalətli mövqeyini çox saylı dövlətlər dəstəkləsə də, bəzi ölkələr onun güclənməsinə qısqanclıqla yanaşdığını və hələ də bu cür davam etdiyini deyib.
“Xalqımızın otuz illik arzusunu reallığa çevirərək hərbi qüdrətini bütün dünyaya göstərən Ordumuzun qəhrəman əsgər və zabitləri bu gün də işğaldan azad edilmiş ərazilərimizin, sərhədlərimizin mühafizəsi və müdafiəsində “Dəmir yumruq” kimi dayanmaqda davam edirlər”,-deyə səfir R. Mustafayev vurğulayıb.
O, şəhidlərimizə Allahdan rəhmət diləyib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
https://azertag.az/xeber/Parisde_sehidlerimizin_xatiresi_ehtiramla_yad_edilib_VIDEO-2310230