2022-09-22

Səfir Rəhman Mustafayev: Fransa Qarabağın yenidən qurulmasında mühüm rol oynaya bilər

Paris, 22 sentyabr, AZƏRTAC

Fransanın “Kernews” radiosunda Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevlə müsahibə yayımlanıb. Müsahibənin mətni “Kernews.com” portalında dərc olunub.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan müharibəni bitmiş hesab edir və Ermənistanla sülh və əməkdaşlığı planlaşdırır” adlı müsahibədə sentyabrın əvvəlində Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi hərbi təxribatdan danışılıb.

Səfir bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış razılaşma Ermənistan ilə Azərbaycan arasında “atəşkəs” deyil, iki ölkə arasında sülh bəyanatıdır. O, iki ölkə arasındakı münaqişənin dini deyil, ərazi iddialı xarakterli olduğunu və indi Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin “eyni hüquq və vəzifələrə malik Azərbaycan vətəndaşları kimi” qəbul edildiyini vurğulayıb. Diplomat Ermənistanla Azərbaycan arasında münasibətlərin yaxın gələcəkdə Fransa və İtaliyanın, yaxud Fransa və İspaniyanın yaşadığı münasibətlərlə eyni olacağına əminliyini ifadə edib. Qeyd olunub ki, Ermənistan bəyanatı imzalayaraq qeyri-qanuni hərbi birləşmələrini keçmişdə işğal olunmuş ərazilərdən çıxarmağı öhdəsinə götürüb və Ermənistan silahlı qüvvələrinin əksəriyyəti işğaldan azad edilmiş əraziləri tərk edib. Lakin hələ də Azərbaycanın Qarabağ zonasında qeyri-qanuni erməni birləşmələr mövcuddur.

“Sentyabrın 12-dən 13-nə keçən gecə baş verən təxribat da erməni siyasətinin davamı idi, amma bu dəfə başqa vasitələrlə. Ermənistan 2020-ci il 10 noyabr tarixli Bəyanatın əsas müddəalarını həyata keçirməkdən imtina edib”, - deyə səfir bildirib. O, Ermənistanın bu günədək mina xəritələrini vermədiyini, 240 azərbaycanlının erməni minalarının qurbanı olduğunu diqqətə çatdırıb. Bildirib ki, münaqişə BMT Nizamnaməsi əsasında hərbi yolla həll olunub və bu Nizamnamə bizə özümüzü qanuni şəkildə müdafiə etmək üçün təbii hüquq verir.

“Minsk qrupu və keçmiş münaqişə ilə bağlı mövqeyimiz çox aydındır. Münaqişə həll olunub, çünki onun əsas səbəbi aradan qaldırılıb. 1993-cü ildə Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə yerinə yetirildi, yəni, Azərbaycanın əvvəllər Ermənistan tərəfindən işğal olunmuş yeddi rayonu azad edildi. Beləliklə, müharibənin əsas səbəbi aradan qaldırıldı və bununla da münaqişə həll olundu. Bu gün artıq münaqişə yoxdur. Minsk qrupunun mandatı Ermənistanla Azərbaycan arasında münaqişəni qeyri-hərbi yolla həll etmək olduğu və münaqişə həll edildiyindən artıq Minsk qrupuna ehtiyac görmürük.

Prezident İlham Əliyev “Biz Minsk qrupu ilə vidalaşmışıq, onlarla sağollaşmışıq” deyərək bu qrupa daha ehtiyac olmadığını bildirib”, - deyə R. Mustafayev vurğulayıb.

Fransanın iki ölkə arasında normallaşma prosesində mühüm rol oynaya bilməsinin mümkünlüyünə də toxunan səfir 2020-ci il 10 noyabr Bəyanatı və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin himayəsi altında həyata keçirilən Brüssel formatından söz açıb. Qeyd edib ki, Fransanı Brüssel formatının vacib elementi hesab edirik, çünki o, böyük diplomatik və iqtisadi gücdür. Bu, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə səmərəli təsir göstərə bilər. Fransa etimad quruculuğu tədbirlərinin gücləndirilməsində rol oynayır. Həmçinin o, bölgənin yenidən qurulmasında mühüm rol oynaya bilər. Parislə fəal dialoqa və səmərəli əməkdaşlığa hazır olduğumuzu deyən R.Mustafayev bildirib ki, artıq postmünaqişə və postmüharibə mərhələsindəyik. Bunu hər kəs anlamalıdır.

Səfir, həmçinin Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin Bakıya mühüm səfərindən, Azərbaycanın etibarlı tərəfdaş olmasından və Bakının qaz ixracını iki dəfə artırmağı öhdəsinə götürməsindən söz açıb. O, hesab edib ki, bu tərəfdaşlıq çərçivəsində də Fransa Qarabağın yenidən qurulmasında mühüm rol oynaya bilər.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

 

https://azertag.az/xeber/2302298

Arxiv üzrə axtarış