“Şuşa İli” çərçivəsində Parisdə “Qarabağ incilərinin Avropa sədası” adlı geyim kolleksiyası nümayiş olunub
Azərbaycan Respublikasının Fransadakı səfirliyinin, “Paşa Sığorta” şirkətinin, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Bakı Tekstil Fabriki və K.Fabuel Moda Evinin dəstəyi, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İctimai Birliyi və Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində “Şuşa İli” çərçivəsində “Qarabağ incilərinin Avropa sədası” adlı geyim kolleksiyası nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Fransada Azərbaycanın Dostları Assosiasiyasının (ADA) prezidenti, Fransa Parlamentinin sabiq üzvü Jerom Lamber Qarabağın Azərbaycan xalqı üçün dəyərli olduğunu vurğulayıb. Qarabağda ədalət və beynəlxalq hüquq əsasında davamlı sülhün bərqərar edilməsinin bu gün ən vacib məsələ olduğunu bildirib. Azərbaycan həqiqətlərinin Fransa ictimaiyyətinə çatdırılması istiqamətində ADA-nın səylərini davam etdirəcəyini diqqətə çatdırıb.
Azərbaycanın Fransadakı səfirliyinin müvəqqəti işlər vəkili, siyasi işlər üzrə müşavir Nigar Hüseynova çıxışında tədbirin əhəmiyyətinə toxunub, bunun hər bir azərbaycanlı üçün vacib olduğunu vurğulayıb. Deyib ki, Prezident İlham Əliyev tərəfindən 2022-ci il Azərbaycanda “Şuşa İli” elan olunub. N.Hüseynova “Qafqazın konservatoriyası” adlandırılan Şuşa şəhəri, onun tarixi, bu şəhərin yetişdirdiyi böyük şəxsiyyətlər, onun 28 il işğal altında qalması haqqında məlumat verib.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva Qarabağ kolleksiyasında təqdim olunan geyimlərin və onları tamamlayan aksesuarların Şuşa, Xankəndi, Kəlbəcər, Xocalı, Ağdam, Ağdərə, Cəbrayıl, Laçın, Füzuli, Xocavənd, Zəngilan, Qubadlı kimi rayonların milli geyim tərzini və türk etnik-mədəni mühitini əks etdirdiyini diqqətə çatdırıb.
Tədbirin sponsoru “Paşa Sığorta” şirkətinin nümayəndəsi Ülviyyə Cabbarova şirkət haqqında məlumat verərək, təqdim olunan kolleksiyanın Azərbaycanın zəngin mədəniyyətindən, tarixindən xəbər verdiyini və qədim incəsənətimizin zənginliyini əks etdirdiyini deyib.
Çıxışlardan sonra iştirakçılar “Qarabağ incilərinin Avropa sədası” geyim kolleksiyasının hazırlanmasına dair videoçarx izləyiblər.
Daha sonra kolleksiyanın geyim və aksesuarları nümayiş olunub.