2022-12-13

Parisdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi hörmət və ehtiramla anılıb

Paris, 12 dekabr, AZƏRTAC

Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsi hörmət və ehtiramla anılıb.

AZƏRTAC xəbər verir ki, anım tədbirində səfir Leyla Abdullayeva, Fransanın Azərbaycanda ilk səfiri olmuş Jan Perrən, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və ölkəmizin UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev çıxış ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən videomaterial nümayiş olunub.

Səfir Leyla Abdullayeva müasir Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib. Ümummilli Liderin ən çətin anlarda daim xalqın yanında olduğunu vurğulayıb. Qeyd edib ki, Ulu Öndərin müdrikliyi sayəsində Azərbaycan ötən əsrin 90-cı illərində təhlükə altında olan müstəqilliyini qoruyub saxlaya bildi. L.Abdullayeva Heydər Əliyevin ölkənin həyatında böyük rol oynamış müdrik qərarlarından, “Əsrin müqaviləsi”nin imzalanmasından, müharibə təhlükəsi ilə üzləşən ölkənin atəşkəsə nail olunmasından söz açıb.

Fransanın Azərbaycanda ilk səfiri olmuş Jan Perrən Heydər Əliyevin təkcə Azərbaycanda və regionda deyil, həmçinin beynəlxalq səviyyədə böyük siyasi xadim olduğunu qeyd edib. O, Heydər Əliyevlə görüşmək üçün Naxçıvana səfərindən, Ulu Öndərlə ilk görüşündən, sonradan Bakıda tez-tez görüşlərindən danışıb.

Səməd Seyidov ölkəmizin Avropa Şurasına üzv olmasında Ulu Öndərin səylərindən söz açıb. Qeyd edib ki, Azərbaycanın bugünkü uğurlarını əldə etmək üçün ötən əsrdə Ulu Öndərin apardığı danışıqlar böyük rol oynayıb. O dövrdə həmin danışıqları aparmaq böyük siyasi bacarıq tələb edirdi.

Çıxış edənlər Heydər Əliyevi Azərbaycanın xilaskarı adlandırıblar. Qeyd ediblər ki, erməni təcavüzü ilə üzləşən, çətin anlar yaşayan Azərbaycanı daxili və xarici təhlükələrdən Heydər Əliyev müdrikliyi xilas edib. Vurğulanıb ki, Azərbaycanın bugünkü iqtisadi, siyasi gücü, eləcə də beynəlxalq arenada nüfuzlu yer tutması məhz Ulu Öndərin siyasətinin bəhrəsidir. Diqqətə çatdırılıb ki, Heydər Əliyevin xalqımıza ən böyük irsi Azərbaycan Prezidenti İlham Əliyevdir. Prezident İlham Əliyev Ulu Öndərin müdrik siyasətini uğurla davam etdirir. O, Ulu Öndərin ən ümdə arzularının reallaşdırıb.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz Ulu Öndərin arzularını reallaşdıraraq, torpaqlarımızı düşmən tapdağından azad etdi və xalqımızın qürurunu ona qaytardı. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

 

https://azertag.az/xeber/Parisde_Umummilli_Lider_Heyder_Aliyevin_xatiresi_hormet_ve_ehtiramla_anilib_VIDEO-2406794

Arxiv üzrə axtarış