2022-12-22

Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn 2023-cü il münasibətilə bayram tədbiri keçirilib.

Paris, 22 dekabr, AZƏRTAC

Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn 2023-cü il münasibətilə bayram tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirə Fransadakı səfirliyimiz və UNESCO yanındakı Daimi Nümayəndəlikdə fəaliyyət göstərən diplomatlarımız, bu ölkədə yaşayan Azərbaycan icmasının üzvləri, tələbələr qatılıblar.

“Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun əsgər və zabitləri sayəsində bu gün başımızı dik tuturuq, qələbəmizlə fəxr edirik”, - deyə Fransadakı səfir Leyla Abdullayeva Vətən torpağı uğrunda canından keçmiş qəhrəman Azərbaycan oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif edib.

Səfir çıxışında vurğulayıb ki, Azərbaycan təkcə regionda deyil, bütün dünyada söz sahibidir. Dövlətimizin başçısının uğurlu siyasəti və sərkərdəlik məharəti sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Bu gün Azərbaycan regionun aparıcı iqtisadi qüvvəsidir. Ölkəmiz 30 ildir dövlət müstəqilliyini bərpa edib. Artıq bu gün aydın görürük ki, Azərbaycanımızın gələcəyi parlaqdır.

“Erməni lobbisinin təsiri altında ölkəmizlə bağlı məlumat qıtlığı yaradan, bizə qarşı qərəzli mövqe tutan Fransa kimi bir ölkədə soydaşlarımızla əl-ələ verib Azərbaycanımızı birlikdə təşviq edəcəyik. Birgə fəaliyyətimizi ikiqat, üçqat artırmalıyıq ki, Azərbaycanımızla bağlı məlumatlılığı da artıraq”, - deyə L. Abdullayeva vurğulayıb.

Diqqətə çatdırılıb ki, çox mürəkkəb geosiyasi məkanda yerləşən və çox çətin qonşuları olan Azərbaycan məhz Prezidentimizin milli maraqlarımıza uyğun siyasəti sayəsində beynəlxalq arenada nüfuzlu yerini tutub.

Dünyanın hansı bölgəsində olmasından asılı olmayaraq, hər bir azərbaycanlı bu siyasəti dəstəkləyir. Çünki amalımız və məqsədimiz birdir: Azərbaycanı həmişə güclü görmək, ölkəmizi dünyanın hər yerində təşviq etmək.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris 

 

https://azertag.az/xeber/Prezident_Ilham_Aliyevin_mudrik_siyaseti_neticesinde_Azerbaycan_dunyada_nufuz_qazanib_VIDEO-2419730

Arxiv üzrə axtarış