Parisdə 20 Yanvar hadisələrinin ildönümü ilə əlaqədar şəhidlərin xatirəsi anılıb
Azərbaycanın Fransadakı səfirliyi və UNESCO yanında daimi nümayəndəliyin birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsi Parisdə ehtiramla anılıb.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Fransadakı səfiri Leyla Abdullayeva, UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, diplomatlarımız Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli nümayəndələri Əlimərdan bəy Topçubaşovun və Ceyhun Hacıbəylinin Paris şəhərinin yaxınlığındakı Sen Klu qəbiristanlığındakı məzarlarını ziyarət edərək qəbirləri üzərinə əklil qoyublar.
Sonra Parisdəki Mədəniyyət Mərkəzində səfirliyin və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə Fransada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Parisdəki Azərbaycan diasporunun üzvləri, jurnalistlər, elmi tədqiqatçılar, incəsənət və yerli ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Səfir Leyla Abdullayeva və UNESCO yanında daimi nümayəndə Elman Abdullayev çıxış edərək, 1990-cı ilin Qanlı Yanvar hadisələrindən danışıblar. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə sovet ordusu bölmələri tərəfindən Azərbaycana qarşı hərbi təcavüz nəticəsində Bakı, Sumqayıt və digər şəhərlərdə dinc əhaliyə qarşı qətliam törədildiyi, işğalçı qüvvələrin hərbi təcavüzü nəticəsində 150 mülki şəxsin qətlə yetirildiyi, 744 nəfərin ağır yaralandığı, 4 nəfərin isə itkin düşdüyü bildirilib. 20 Yanvar hadisələrinin Azərbaycan tarixinin faciəvi səhifəsi, eyni zamanda, şərəf və qəhrəmanlıq səhifəsi olduğu qeyd edilib. Həmin hadisələrin ölkəmizdə milli kimliyin formalaşmasında müstəsna rolunun olduğu, xalqımızın müstəqilliyə nail olmaq əzminin daha da gücləndirildiyi vurğulanıb.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hadisələrin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyində mətbuat konfransı keçirərək, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayəti kəskin şəkildə qınadığı və bu faciəni xalqımıza qarşı törədilmiş bəşəri cinayət adlandırdığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirdə müstəqilliyi qoruyub saxlamağın onu qazanmaqdan qat-qat çətin olduğu bildirilərək, müstəqil Azərbaycanın hazırda həyata keçirdiyi uğurlu müstəqil xarici siyasət qeyd edilib. Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun sayəsində bütövlüyünü bərpa edən Azərbaycanın bölgədə sülh gündəliyini həyata keçirdiyi vurğulanıb. Müasir müstəqil Azərbaycanın bu gün yalnız bölgədə deyil, dünyada sülh, təhlükəsizlik və əmin-amanlığın təmin olunmasına töhfə verdiyi və beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş olaraq qəbul edildiyi bildirilib.
Daha sonra 20 Yanvar faciəsindən bəhs edən qısa sənədli film nümayiş olunub.
Tədbir Yanvar hadisələrinin 33-cü ildönümünə həsr olunmuş matəm konserti ilə davam edib. Konsertdə Fransanın Provans vilayətinin Pauline Viardot Konservatoriyasının professoru Səidə Zülfüqarova (piano) və Fransanın “Ecole Normale de Musique de Paris-Alfred-Cortot” ali musiqi məktəbinin tələbəsi, beynəlxalq müsabiqələr laureatı Ağarəhim Quliyev (fleyta) məşhur Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa ediblər.
Tədbir çərçivəsində gənc fotojurnalist Maya Bağırovanın 20 Yanvar qurbanlarına həsr olunmuş sərgisi nümayiş etdirilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris