2023-02-16

“Paris Science Po” Universitetinin tələbələri Azərbaycan tarixi barədə məlumatlandırılıb

Paris, 15 fevral, AZƏRTAC

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bu ölkənin ən nüfuzlu ali təhsil ocağı olan Siyasi Elmlər Universitetinin (Science Po de Paris) tələbələri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə səfir tələbələrə Azərbaycanın zəngin tarixi və mədəni irsi, xarici siyasəti və regionda yaratdığı yeni reallıqlar haqqında danışıb.

Azərbaycanın çox mühüm geosiyasi məkanda yerləşdiyini diqqətə çatdıran səfir hələ XIX əsrdə ölkəmizin iki imperiya arasında bölünməsindən, bu gün İranda 30 milyondan çox azərbaycanlının yaşamasından söz açıb. Vacib geosiyasi mövqeyi ilə diqqəti cəlb edən Azərbaycanın daim müstəqillik uğrunda mübarizə apardığını vurğulayıb. Ölkəmizin XX əsrin əvvəllərində müsəlman Şərqində ilk demokratik və dünyəvi respublika olduğunu vurğulayan səfir L.Abdullayeva bildirib ki, Azərbaycan Şərqdə qadınlara seçib-seçilmək hüququ verən ilk respublikadır.

Diplomat Azərbaycan torpaqlarının 30 il işğal altında qalmasından, bu müddət ərzində münaqişəni dialoq yolu ilə həll olunmasına çalışmasından danışıb. Bildirilib ki, bu müddətdə münaqişənin həlli həvalə edilmiş Minsk qrupunun səyləri nəticə verməyib, Ermənistanın təxribatları qarşısında səbir kassası daşan Azərbaycan ərazilərini güc yolu azad etmək məcburiyyətində qalıb.

Ümummilli Lider Heydər Əliyevin XX əsrin sonlarında müstəqilliyini bərpa edən ölkəmizin xilaskarı və memarı olmasından, ölkə iqtisadiyyatını yenidən dirçəltməsindən danışan səfir Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun sayəsində torpaqlarımızın azad edildiyini, ölkəmizin regionda yeni reallıqlar yaratdığını, onun sülh niyyətində olduğunu diqqətə çatdırıb.

Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyində rolundan söz açan diplomat hələ ötən əsrin sonlarında məhz ölkəmizin Avropanın enerji təhlükəsizliyinin şaxələndirilməsindəki rolundan danışıb.

Siyasi Elmlər Universitetinin tələbələri Azərbaycanın beynəlxalq təşkilatlara üzvlüyünə, bir çox beynəlxalq təşkilatlara sədrliyinə, Zirvə görüşlərinə ev sahibliyi etməsinə dair ətraflı məlumat alıblar.

Sonda səfir tələbələrin suallarını cavablandırıb.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

 

https://azertag.az/xeber/2491451

Arxiv üzrə axtarış