Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OCDE) mənzil qərargahında Beynəlxalq Nəqliyyat Forumu (İTF) çərçivəsində Azərbaycanın nəqliyyat imkanlarından danışılıb.
Paris, 27 fevral, AZƏRTAC
Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OCDE) mənzil qərargahında Beynəlxalq Nəqliyyat Forumu (İTF) çərçivəsində Azərbaycanın nəqliyyat imkanlarından danışılıb.
AZƏRTAC xəbər verir ki, OCDE-nin mənzil qərargahında Azərbaycanın Avropa və Asiya arasında davamlı nəqliyyat kommunikasiyasında roluna həsr edilmiş “Azərbaycan - qitələri birləşdirən ölkə” adlı konfrans keçirilib. Konfransda Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev, Azərbaycan Dəmir Yolları İdarəsinin sədrinin müşaviri Emin Məmmədov, Bakı Limanı Beynəlxalq Əməkdaşlıq Departamentinin müdiri Aynur Səmədova, Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi Yunq Ta Kim (Young Tae Kim) çıxış edərək, Azərbaycanın nəqliyyat kommunikasiyası, Zəngəzur dəhlizinin iqtisadi potensialı, ölkəmizin investisiya cəlbediciliyi, Şərq-Qərb, eləcə də Şimal-Cənub nəqliyyat dəhlizi üzrə alternativ tranzit imkanları haqqında ətraflı məlumat veriblər.
Konfransda Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi Yunq Ta Kim ölkəmizin İTF-ə üzvlüyündən, onun nəqliyyat kommunikasiyası sahəsində töhfələrindən söz açıb. Azərbaycanın Avropa və Asiya arasındakı nəqliyyat qovşağında yerləşməsindən və onun nəqliyyat daşımalarında əvəzsiz rolundan danışıb.
Səfir Leyla Abdullayeva, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev, Azərbaycan Dəmir Yolları İdarəsinin sədrinin müşaviri Emin Məmmədov, Bakı Limanı Beynəlxalq Əməkdaşlıq Departamentinin müdiri Aynur Səmədova ölkəmizin təşəbbüsü ilə həyata keçirilmiş və beynəlxalq nəqliyyat qovşağının şaxələndirilməsində böyük rol oynayan qlobal layihələrə toxunublar. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasəti nəticəsində ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınan müstəqil Azərbaycan əlverişli coğrafi mövqedə yerləşir və mühüm nəqliyyat-tranzit qovşaqlarından birinə çevrilib. Azərbaycan Cənubi Qafqazın geoiqtisadi, logistik mərkəzi kimi tanınır və müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir.
Şərqdən-Qərbə və Şimaldan-Cənuba uzanan yolun üzərində yerləşən Azərbaycan bu imkandan istifadə etməklə qitələri, ölkələri birləşdirir və nəqliyyat-logistika aspektlərində regionun mərkəzi qovşağına çevrilib.
Bu gün problemlərlə boğulan dünyada Azərbaycanın təşəbbüsü ilə reallaşdırılmış müxtəlif nəqliyyat kommunikasiya layihələri dünya iqtisadiyyatının inkişafına böyük töhfələr verir. Qlobal miqyasda siyasi, iqtisadi və ekoloji çətinliklərin hökm sürdüyü bu dövrdə bir çox ölkələrin maraq dairəsində olan Zəngəzur dəhlizi öz imkanları ilə regionun, eləcə də 3 qitənin - Avropa, Asiya və Afrika qitələrinin iqtisadi inkişafına zəruri töhfələr verəcək. Zəngəzur dəhlizi region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq. Azərbaycanın həyata keçirdiyi və ən müasir tələblərə cavab verən nəqliyyat kommunikasiyaları haqqında məlumat verilib, onların beynəlxalq daşımaları qısa müddətdə və yüksək keyfiyyətdə həyata keçirilməsinə böyük töhfə verdiyi qeyd edilib.
Çıxışlardan sonra konfrans iştirakçılarının sualları cavablandırılıb. Konfransda Azərbaycanın reallaşdırdığı nəqliyyat layihələrinin təkcə Avropa və Asiya qitələri arasında deyil, həmçinin Afrika qitəsinə də töhfə verdiyi və verəcəyi vurğulanıb.