2023-02-27

Parisdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinə həsr edilmiş konfrans keçirilib

Paris, 27 fevral, AZƏRTAC

Azərbaycanın Fransadakı səfirliyi, Xarici İşlər Nazirliyi (XİN) və İndoneziyanın Sukarno Fondunun birgə təşkilatçılığı ilə Parisdə ölkəmizin Qoşulmama Hərəkatına sədrliyinə həsr edilmiş konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, səfirliyin Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, XİN-in Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Yalçın Rəfiyev, Qoşulmama Hərəkatına üzv ölkələrin Parisdə akkreditə olunmuş səfirləri, diplomatlar, İndoneziyanın Qorontalo şəhərinin meri Marteb Aqus Taha, Sukarno Fondunun nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Paris Praktiki Ali Tədqiqatlar Məktəbinin doktoru, Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin tədqiqatçısı, islamşünas alim Kərim İfrak açıb.

Sonra çıxış edən Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva son 3 ildən çox müddətdə Qoşulmama Hərəkatının Sədri Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin təşkilat çərçivəsində həyata keçirdiyi qlobal əhəmiyyətli layihələrə toxunub.

Qoşulmama Hərəkatının üzvlərinin sayına görə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olduğunu deyən XİN-in Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Yalçın Rəfiyev Prezident, Qoşulmama Hərəkatının Sədri İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin sədrliyi çərçivəsində görülən işlər, təşkilatın institutlaşması istiqamətində atılan addımlar, onun gələcək inkişafı ilə bağlı nəzərdə tutulan planlar barədə geniş məlumat verib. Bildirilib ki, Azərbaycanın sədrliyi COVID-19 pandemiyasının qlobal miqyasda yayılması ilə eyni dövrə təsadüf etsə də, ölkəmiz təşkilatın sədri kimi irəli sürdüyü və Hərəkata üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənən uğurlu təşəbbüslər sayəsində pandemiya ilə bağlı çətinlikləri beynəlxalq əməkdaşlıq imkanlarına çevirməyi bacarıb. Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə yüksək səviyyəli Təmas Qrupu təsis edilib və onun virtual formatda Zirvə Görüşü keçirilib. 2020-ci ilin dekabrın 3-4-də isə BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Xüsusi Sessiyası təşkil olunub.

Sədrlik müddətində ölkəmiz Hərəkatın təsisatlanması istiqamətində mühüm addımlar atıb. Hərəkatın vahid loqo və bayrağı təsdiqlənib, Gənclər Şəbəkəsi, Parlament Şəbəkəsi təsis olunub.

Vurğulanıb ki, 2021-ci ildə Qoşulmama Hərəkatının üzvləri Azərbaycana müraciət ünvanlayaraq, sədrliyi daha bir il müddətinə uzatmağı xahiş ediblər. Təşkilatın ötən ilin yayında xarici işlər nazirləri səviyyəsində keçirilən aralıq konfransında Hərəkata üzv dövlətlər Azərbaycanın sədrliyinin 2023-cü ilə qədər uzadılması haqqında yekdil qərar qəbul ediblər.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

 

https://azertag.az/xeber/2508278

Arxiv üzrə axtarış