2023-03-23

Azərbaycan Milli Paralimpiya Komitəsi Ajan aqlomerasiyası ilə anlaşma memorandumu imzalayıb

Paris, 22 mart, AZƏRTAC

Parisdə səfirliyimizin Mədəniyyət Mərkəzində Azərbaycan Milli Paralimpiya Komitəsi ilə Ajan (Agen) aqlomerasiyası arasında anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən, azərbaycanlı paralimpiyaçıların Paris-2024 Paralimpiya Oyunlarına qatılması ərəfəsində Ajan aqlomerasiyasında hazırlıq keçmələri barədə razılıq əldə edilib.

AZƏRTAC xəbər verir ki, imzalanma mərasimində Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Boe şəhərinin meri Paskal Lüge, merin müavini Alən Klajman, Reqbi üzrə çempion Filip Sella, Azərbaycan səfirliyinin diplomatı Alı Xələfli iştirak ediblər.

Boe şəhərinin merinin müavini Alən Klajman çıxış edərək, tarixi memorandumun imzalanması ilə fəxr etdiklərini bildirib. O, Ajan şəhərinin Fransaya bir çox çempionlar bəxş etdyini vurğulayaraq, şəhərin idman siyasəti, paralimpiyaçıları və idman sahəsində görülən işlərdən söz açıb. “Ajan şəhəri azərbaycanlı idmançılara xoş gəlmişsiniz deyir və onlara Fransada keçiriləcək ilk Paralimpiya Oyunlarına yüksək səviyyədə hazırlaşmaları üçün lazımi şərait yaradacaq. Oyunlardan zamanı bütün şəhər azərbaycanlı paraolimpiyaçıları qələbəyə səsləyəcək. İdman, eləcə də sizin bizə göstərdiyiniz etimad sayəsində Fransa-Azərbaycan dostluğunun yeni təməli qoyulur. Azərbaycan ənənələrilə bağlı məlumatlıyıq, ölkə bayram içindədir. Novruz bayramınızı təbrik edirik.

Yaşasın Azərbaycan! Yaşasın Ajan! Yaşasın Paris 2024 Yay Olimpiya və Paralompiya Oyunları!”,- deyə Alən Klajman ölkəmizlə dostluqdan çox məmnun olduqlarını ifadə edib.

Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Novruz bayramında Azərbaycanın bir hissəsi olan səfirliyimizin Mədəniyyət Mərkəzində fransız dostlarla böyük bir işin təməlinin qoymasından razılığını bildirib. Azərbaycanlı idmançılara yaradılan şəraitə görə təşəkkür edib. Bunun Paris- 2024 Yay Olimpiya və Paralimpiya Oyunlarına hazırlıqda önəmi bir məsələ olduğunu deyib. Bildirib ki, Ajan aqlomerasiyasının Azərbaycan idmançılarının hazırlaşmasına verəcəyi töhfələr gələcək qələbələrimizdə yolun başlanğıcıdır. Qarşıda ciddi və çətin işlər var.

İ. Rəhimov Tokio Paralimpiya Oyunlarında Azərbaycanın nəticələrindən söz açaraq, ölkəmizin 160 ölkə arasında ilk 10-luqda yer aldığını diqqətə çatdırıb. Qeyd edib ki, idmançılarımız Paris-2024 Paralimpiya Oyunlarında Tokio qələbələrini bir daha sübut etməlidirlər. Paris-2024 Paralimpiya Oyunlarında Azərbaycan paralimpiyaçıları daha çox medal qazanmağa iddialıdır.

“Oyunlarda hər kəs daha çox medal qazanmaq istəyir, ancaq ən böyuk nəticə isə insanların yeni dostlar qazanmasıdır. Bu gün biz də yeni dostlar qazanırıq. Paris -2024 başa çatacaq ancaq dostluğumuz davam edəcək”,- deyə İ. Rəhimov bildirib.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

 

https://azertag.az/xeber/2541278

Arxiv üzrə axtarış