2023-04-04

Azərbaycan Luvr Karusel “Art Shopping” beynəlxalq müasir incəsənət festivalında təmsil olunur

Parisdə Luvr muzeyinin Karusel (Carrousel) qalereyasında beynəlxalq incəsənət festivalı təşkil edilib. Azərbaycan festivalda Heydər Əliyev Fondun təşkilatçılığı və Fransadakı səfirliyimizin dəstəyi ilə yaradılan pavilyonla təmsil olunur. Pavilyon Azərbaycan mədəniyyətinin ölkə xaricində tanıdılması, onun ənənəvi dəyərlərinin qorunması ilə yanaşı, müxtəlif müasir istiqamətlərdə inkişafını əks etdirir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan ilk dəfə Luvr Karusel “Art Shopping” Salonuna qoşulub. Festivalda Azərbaycan incəsənət nümayəndələrinin əsərlərindən ibarət pavilyon fransız, eləcə də müxtəlif ölkələrdən olan sənətsevərlərin diqqət mərkəzində olub.

Azərbaycan pavilyonunun təqdimatında Fransadakı səfirimiz Leyla Abdullayeva, “Carrousel” İncəsənət Salonunun direktoru Miryam Annone Kastane (Myriam Annonay Castanet) və Salonun kommersiya direktoru Stefan dö Boyson (Stephane de Boysson) çıxış edərək, Azərbaycanın mədəniyyəti, incəsənəti haqqında danışıblar.

Karusel incəsənət Salonunun direktoru Miryam Annone Kastane Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, Heydər Əliyev Fonduna “Art Shopping” Salonu ilə əməkdaşlıq təşəbbüsünə, heykəltəraş Elvin Nəbizadəyə və rəssam Anar Hüseynzadəyə möhtəşəm əsərlərinə görə təşəkkür edib.

Səfir Leyla Abdullayeva Azərbaycanın yerləşdiyi geosiyasi məkan haqqında məlumat verib. Avropa və Asiya arasında yerləşən Azərbaycanın zəngin mədəni irsindən söz açıb. Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanınması istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi böyük layihələrdən danışıb. Fondun Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanınmasında böyük rolu olduğunu vurğulayıb. Bildirib ki, məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu gün iki azərbaycanlı incəsənət nümayəndəsinin əsərləri Karusel “Art Shopping” festivalımda nümayiş olunur.

Karusel “Art Shopping” Salonunun kommersiya direktoru Stefan dö Boyson Azərbaycanın müasir incəsənətindən söz açaraq, Bakıya səfərindən danışıb. Ölkəmizdə sənətə yüksək qiymət verildiyini bildirərək, istedadlı azərbaycanlı rəssamlar, nadir müasir incəsənət əsərləri haqqında məlumat verib.

Azərbaycan pavilyonunun ziyarətçiləri heykəltəraş Elvin Nəbizadənin 2017-ci ildə Venesiya Bienalesi üçün yaratdığı və Heydər Əliyev Fondu tərəfindən Parisdə Luvr Karusel “Art shopping” festivalında nümayiş olunmaq üçün seçilmiş “Bir günəş altında” adlı müasir instalasiyasını heyranlıqla seyr ediblər.

Müəllif ziyarətçilərin suallarına cavab olaraq bildirib ki, göy qurşağı formasında 44 sazdan ibarət instalyasiya Azərbaycanda multikulturalizmin – ölkədə yaşayan müxtəlif millətlərin və xalqların birliyinin, onlara qarşı tolerantlıq və hörmətin simvolu olduğu bildirilib.

Azərbaycan pavilyonunun ziyarətçiləri rəssam Anar Hüseynzadənin tablolarını seyr ediblər. Xarici ziyarətçilər azərbaycanlı rəssamım əsərləri vasitəsilə qədim İçərişəhər, onun özünəməxsus dar küçələri, doğma Abşeronla tanış olublar.

A.Hüseynzadənin simvolizm qrupundan olan rəsm əsərləri qeyri-adi yanaşmada olan natürmort və portretlərlə təqdim olunur. Onun “Kosmos” seriyasından olan əsərləri ilk dəfə bu Salonda tamaşaçılara təqdim olunub.

Qeyd edək ki, Azərbaycanın Karusel “Art Shopping” festivalında iştirakı çərçivəsində instaqram sosial şəbəkəsində “Fransada Azərbaycan müasir incəsənəti” mövzusuna həsr olunmuş səhifə yaradılıb. Həmçinin, rəssam Anar Hüseynzadə tərəfindən ustad dərslərinin keçirilməsi nəzərdə tutulur.

“Art Shopping” festivalı aprelin 3-dək davam edəcək.

 
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri

 

Paris

 

https://azertag.az/xeber/2554226

Arxiv üzrə axtarış