2023-05-10

Fransanın azadlığı uğrunda döyüşlərdə şücaət göstərən azərbaycanlı əsgərlərin xatirəsi anılıb

Veysak, 10 may, AZƏRTAC

Mayın 9-u alman faşizmi üzərində Qələbə günüdür. Azərbaycan son üç ildə iki faşizm üzərində Zəfərini qeyd edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun erməni faşizmi üzərində Qələbəsi, doğma Şuşamızın azad edilməsi sayəsində 9 May tarixi dünyanın hər yerində azərbaycanlılar tərəfindən fərqli ab-havada qeyd olunur.

Azərbaycan xalqının qəhrəman oğulları digər ölkələrin faşizmə qarşı mübarizəsində də fədakarlıq göstəriblər. Xüsusilə Fransa Müqavimət Hərəkatında və Kabertat Partizan Hərəkatı Üçüncü Qusar Polkunun sıralarında Azərbaycanın cəsarətli oğulları qəhrəmanlıqları ilə fərqləniblər.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Fransadakı səfiri Leyla Abdullayeva, siyasi işlər üzrə müşavir Nigar Hüseynova, Fransada Azərbaycan Silahlı Qüvvələrinin hərbi attaşesi, polkovnik leytenant Cavid Abdullayev və İkinci Dünya müharibəsində Kabertat Partizan Hərəkatının fəaliyyət göstərdiyi Veysak kommunasının meri Fransis Delmas Fransa Müqavimət Hərəkatında, eləcə də Kabertat Partizan Hərəkatı Üçüncü Qusar Polkunun sıralarında döyüşmüş azərbaycanlı əsgərlərin, eləcə də 44 günlük Vətən müharibəsində həlak olan əsgərlərimizin xatirəsini hörmətlə anıblar. Fransanın Veysak şəhərində yerləşən Müqavimət Hərəkatı döyüşçüsü azərbaycanlı Əhmədiyyə Cəbrayılovun (Armed Mişel, Xarqo, Ryus Armed ləqəblərilə tanınmış) xatirəsinə ucaldılmış daş lövhə qarşısına Azərbaycanın Fransadakı səfirliyi adından əklil qoyulub.

Səfir Leyla Abdullayeva Azərbaycan xalqının faşizm üzərində qələbəyə böyük töhfələr verməsindən, 600 mindən çox azərbaycanlının İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizədə qəhrəmanlıqla vuruşmasından, Ulu öndər Heydər Əliyevin müharibə veteranlarına göstərdiyi qayğı və diqqətin bu gün Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən davam etdirilməsindən, ölkəmizdə veteranlara xüsusi diqqət göstərilməsindən danışıb.

L.Abdullayeva və Veysak kommunasının meri Fransis Delmas İkinci Dünya müharibəsi zamanı Fransanın Cənub-Qərb bölgəsində döyüşmüş azərbaycanlı əsgərlər, xüsusilə də Əhmədiyyə Cəbrayılov haqqında danışıblar. Fransanın azadlığı uğrunda döyüşlərdə Ə.Cəbrayılovun, eləcə də bir çox digər azərbaycanlıların göstərdiyi şücaətlərdən söz açıblar.

Veysak kommunasının meri Fransis Delmas İkinci Dünya müharibəsi zamanı Kabertat Partizan Hərəkatının məskunlaşdığı məkanda dəfn olunmuş azərbaycanlı partizanların sayəsində ölkəmizi tanıdığını bildirib. Qeyd edib ki, Fransanın azadlığı uğrunda döyüşmüş azərbaycanlı partizanlar iki ölkə və xalq arasında əlaqələri əbədiləşdiriblər. Veysaklıların Armed Mişeli heç vaxt unutmayacaqlarını vurğulayıb. Fransa dövlətinin Müqavimət Hərəkatında iştirak etmiş azərbaycanlı əsgər Əhmədiyyə Cəbrayılovun şücaətini yüksək qiymətləndirərək, onu Fransanın Milli Qəhrəmanı fəxri adı, həmçinin “Müharibə xaçı”, “Hərbi şücaət xaçı” və Fransa Müqavimət Hərəkatının medalları ilə təltif etdiyini xatırladıb.

 

https://azertag.az/xeber/2608028

Arxiv üzrə axtarış