Fransanın Montoban şəhəri ilə əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb
Montoban, 10 may, AZƏRTAC
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Montoban şəhərinin meri Brijit Barejlə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Fransanın azadlığı uğrunda Kabertat Partizan Hərəkatı Üçüncü Qusar Polkunun sıralarında döyüşmüş azərbaycanlı partizanların xatirəsi ehtiramla anılıb.
Səfir Leyla Abdullayeva Azərbaycan xalqının faşizm üzərində Qələbəyə böyük töhfələr verdiyini xatırladaraq, Müqavimət Hərəkatında və Kabertat Partizan Hərəkatı Üçüncü Qusar Polkunun sıralarında Fransanın azadlığı uğrunda döyüşmüş Azərbaycan oğullarının qəhrəmanlığından danışıb. Fransanın azadlığı uğrunda döyüşmüş azərbaycanlıların iki ölkə arasında körpü rolunu oynadıqları, xalqlarımızı sıx birləşdirdiklərini qeyd edib.
Mer Brijit Barej bildirib ki, Azərbaycan əsgərləri Fransanın nasistlərdən azad edilməsində yaxından iştirak edərək həlak olublar. Fransanın azadlığı uğrunda mübarizədə canlarından keçən azərbaycanlı partizanlara minnətdarıq və onlara borcluyuq. Ölkələrimiz arasında, xüsusilə də Montobanla əlaqələrin inkişaf etdirilməsi vacibdir”.
Mer qeyd edib ki, Fransanın müxtəlif şəhər və kommunalarında uyuyan Müqavimət Hərəkatı sıralarında döyüşmüş azərbaycanlı partizanlar keçmişlə bu günü birləşdirir, xatirələri təzələyir.
Görüşdə Montoban şəhəri ilə əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.