Paris: “Heydər Əliyev İli” çərçivəsində azərbaycanlı doktorantlarla konfrans keçirilib
Paris, 22 may, AZƏRTAC
Azərbaycanın Fransadakı səfirliyi, Elm və Təhsil Nazirliyi və “Alim” Elmi Assosiasiyasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində azərbaycanlı doktorantlarla konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, səfirliyin Mədəniyyət Mərkəzində keçirilən konfransda çıxış edən səfir Leyla Abdullayeva Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu bildirib. Qeyd edib ki, Ulu Öndər gənclərin təhsili məsələsinə xüsusi önəm verib və bunun nəticəsində Azərbaycan gəncləri beynəlxalq aləmdə mühüm uğurlara imza atıblar. Ulu Öndərin səyləri sayəsində minlərlə azərbaycanlı gənc dünyanın qabaqcıl ali məktəblərində təhsil alıb.
L.Abdullayeva vurğulayıb ki, bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev gənclərin cəmiyyətdə fəallığına xüsusi önəm verir. Azərbaycanda gənclərin təhsilinə və rifahına xidmət edən mühüm dövlət proqramları hazırlanıb, bu istiqamətdə bir sıra vacib sənədlər təsdiq edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait bu sahəyə olan böyük diqqətin göstəricisidir. Dövlət proqramları ölkəmizdə gənclər siyasətinin uğurla davam etdirildiyinin təzahürüdür.
Qeyd edilib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Ulu Öndərin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Azərbaycanda dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir.
Bildirilib ki, bu gün Azərbaycan gəncliyi də üzərinə götürdüyü vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışır və bunu bacarır. Onların uğuru beynəlxalq konfranslardan, dövlət və hökumət qurumlarından, ölkələrarası debat, intellektual bilik yarışlarından eşidilir. Azərbaycan həqiqətlərini - musiqisini, ədəbiyyatını, rəqsini, folklorunu, mətbəxini, milli-mənəvi dəyərlərini dünyanın müxtəlif ölkələrində təbliğ edən gənclər bütün səy və bacarığı ilə dövlətçilik ənənələrimizi tanıdaraq, dünya ictimaiyyəti tərəfindən sevilməsinə nail olur.
Konfransda “Azərbaycanın Dostları” Assosiasiyasının icraiyyə şurasının üzvü Jerom Begən, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin sektor müdiri Turxan Süleyman, səfirliyin konsulu Xatirə Müseyibova çıxış edərək Fransada azərbaycanlı tələbələr üçün imkanlar, xaricdə təhsillə bağlı dövlət proqramları haqqında ətraflı məlumat veriblər və konfrans iştirakçılarının suallarını cavablandırıblar.
“Alim” Elmi Assosiasiyanın rəhbəri Günel Səfərova rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirdiyi layihələr və perspektivləri haqında məlumat verib. Assosiasiyanın üzvləri Səid Paşayev və Zərifə Osmanlı xaricdə təhsil alan tələbələri maraqlandıran məsələlərdən söz açıblar.
Konfrans iştirakçıların debatları ilə davam edib. Səfir Leyla Abdullayeva və Elm və Təhsil Nazirliyinin Elm sektorunun müdiri Turxan Süleyman doktorantların suallarını cavablandırıblar.
Tədbirdə Fransa və İtaliyanın müxtəlif universitetlərində magistratura və doktorantura üzrə təhsil alan tələbələr iştirak ediblər.
Konfrans iştirakçıları Paris yaxınlığında Sən-Klu (Saint Cloud) qəbiristanlığında uyuyan Xalq Cümhuriyyəti parlamentinin, eləcə də Paris Sülh Konfransında iştirak edən nümayəndə heyətinin sədri Əlimərdan bəy Topçubaşovun, milli hökumətin rəsmi qəzeti “Azərbaycan”nın naşiri, nümayəndə heyətinin üzvü Ceyhun Hacıbəylinin xatirəsi yad edilərək, məzarları üzərinə əklil qoyulub.
Konfransın sonunda Ağarəhim Quliyev (fleyta) və Eldəniz Ələkbərzadə (piano) görkəmli bəstəkarlar Qara Qarayev və Fikrət Əmirovun əsərlərini səsləndiriblər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris