Fransa Milli Assambleyasının komitə sədrinə regiondakı postmünaqişə vəziyyəti barədə məlumat verilib
Paris, 13 may, AZƏRTAC
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Fransa Milli Assambleyasının beynəlxalq əlaqələr komitəsinin sədri Jan-Lui Burlanj ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Fransa Milli Assambleyasında keçirilmiş görüşdə səfir Leyla Abdullayeva və siyasi məsələlər üzrə müşavir Nigar Hüseynova da iştirak ediblər.
Görüşdə Səməd Seyidov fransız həmkarına regiondakı postmünaqişə reallıqları haqqında ətraflı məlumat verib. Bildirib ki, bölgədə sülhün yaradılmasında maraqlı olan Azərbaycan qarşı tərəfə beynəlxalq hüququn prinsiplərinə ciddi riayət edilməsi əsasında sülh sazişinin imzalanması təklifi irəli sürüb. Azərbaycan regionda sülhün bərqərar olmasını istəyir və bu istiqamətdə səylər göstərir.
S. Seyidov regionda mövcud vəziyyətdən və iki ölkə liderinin Brüssel görüşü ərəfəsində sərhədimizdə baş vermiş təxribatdan danışıb.
Fransa Milli Assambleyasının sədri Jan-Lui Burlanj ölkəsinin Ermənistanla Azərbaycan arasında sülhün qurulmasında maraqlı olduğunu qeyd edib.
Görüş zamanı tərəflər, həmçinin beynəlxalq və regional geosiyasi məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris