Fransa Senatının komitə sədri Azərbaycanın regionda yaratdığı reallıqlar barədə məlumatlandırılıb
Paris, 13 may, AZƏRTAC
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Fransa Senatının Beynəlxalq əlaqələr, müdafiə və silahlı qüvvələr komitəsinin sədri Kristian Kambon ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Fransa Senatında keçirilmiş görüşdə səfir Leyla Abdullayeva və siyasi məsələlər üzrə müşavir Nigar Hüseynova da iştirak ediblər.
Görüşdə Səməd Seyidov fransız həmkarına Azərbaycanın regionda yaratdığı reallıqlar haqqında ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan Prezidenti postmünaqişə mərhələsində beynəlxalq hüququn prinsiplərinə ciddi riayət olunması əsasında sülh sazişinin imzalanması təklifi ilə çıxış edib. Azərbaycan tərəfi Sazişin əsaslanmalı olduğu baza prinsiplərini də qarşı tərəfə təqdim edib. Azərbaycan regionda sülhün bərqərar olmasını istəyir və bu istiqamətdə səylərini əsirgəmir. O, regionda mövcud olan vəziyyət, o cümlədən Azərbaycan sərhədində törədilmiş son təxribatlarla bağlı fransız həmkarını məlumatlandırıb.
Milli Məclisin komitə sədri Laçın yolunda qurulmuş nəzarət məntəqəsi haqqında məlumat verərək, bu yolla rahat gediş-gəlişin təmin olunduğunu bildirib. S.Seyidov Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşı hesab edildiyini və onların maneəsiz gediş-gəlişinin təmin olunduğunu bildirib. Deputat, həmçinin Fransada Azərbaycanla bağlı səhv məlumatların yayılmasına təəssüfünü ifadə edib, ölkəmizə dair həqiqətlərin çatdırılması baxımından iki ölkə parlamentariləri arasında təmasların əhəmiyyətini vurğulayıb.
K.Kambon regiondakı vəziyyətdən xəbərdar olduğunu bildirib. Qeyd edilib ki, iki ölkə arasında sülhün bərqərar olmasına digər dövlətlər yardımçı ola bilər, lakin Azərbaycan və Ermənistanın liderləri sülh müqaviləsi ilə bağlı razılığa gəlməlidirlər.
Tərəflər Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüssel görüşünün müsbət nəticələr verəcəyinə ümidvar olduqlarını ifadə ediblər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris