2023-05-26

Azərbaycanın Müstəqillik Günü Parisdə təntənə ilə qeyd olunub

Azərbaycanın Fransadakı səfirliyi və UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Parisdə 28 May – Müstəqillik Günü təntənəli şəkildə qeyd edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Fransanın Xarici İşlər, Müdafiə və Mədəniyyət nazirliklərinin nümayəndələri, deputatlar, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, incəsənət xadimləri, Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Tədbir Azərbaycan və Fransanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Sonra çıxış edən səfir Leyla Abdullayeva 1918-ci il mayın 28-də Şərqdə və bütün müsəlman dünyasında parlamentli ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını bildirib. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi Paris Sülh konfransında de-fakto tanınıb. Cəmi 23 ay ömrü olmuş Cümhuriyyət qısa zaman kəsiyində demokratik dövlət təsisatlarını yaradıb və beynəlxalq ictimaiyyətin etibarını qazanıb. Azərbaycanın müsəlman Şərqində ilk dünyəvi respublika, eyni zamanda, qadınlara səsvermə hüququ verən ilk ölkə olduğu diqqətə çatdırılıb.

Vurğulanıb ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edib. Müstəqilliyinin ilk illərində çətinliklərlə üzləşən ölkəmizin sonrakı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Diqqətə çatdırılıb ki, bugünkü Azərbaycan regionda sülhə və davamlı inkişafa can atan ölkədir. Torpaqlarını 30 illik işğaldan azad etdikdən sonra Azərbaycan qonşu ölkələrlə sülh proqramını irəli sürür. Bu gün ölkəmiz bir sıra qlobal təşəbbüslərdə etibarlı tərəfdaş kimi qəbul olunur.

Səfir, həmçinin Azərbaycan-Fransa ikitərəfli münasibətlərinə toxunub, əlaqələrimizin daha da inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb.

Ölkəmizin UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev 105 il əvvəl müsəlman Şərqində ilk dəfə məhz Azərbaycanda demokratik respublikanın yarandığını xatırladaraq, 23 ay ömrü olmuş bu respublikanın multikulturalizm, insan hüquqları və demokratik institutların əsasını qoyduğunu deyib. Bildirilib ki, bu gün mehriban birgəyaşayış, mədəniyyətlərarası dialoq Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət siyasətinin tərkib hissəsidir. Müasir Azərbaycanın tərəqqisi Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətinin bəhrəsidir.

O, həmçinin Azərbaycan-UNESCO münasibətlərinə toxunub, çox məhsuldar tərəfdaşlığın həyata keçirildiyini qeyd edib.

Tədbir ziyafətlə davam edib, iştirakçılara Azərbaycan milli mətbəxinin ləziz təamları təqdim olunub.

 

https://azertag.az/xeber/2633372

Arxiv üzrə axtarış