2023-05-30

Müstəqillik Günü münasibətilə Parisdə Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsi yad edilib

28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın Fransadakı səfirliyinin və UNESCO yanında daimi nümayəndəliyinin diplomatları Sən-Klu qəbiristanlığında dəfn olunmuş Cümhuriyyət qurucularının xatirəsini yad ediblər.

AZƏRTAC xəbər verir ki, Parisdəki diplomatlarımız Paris Sülh Konfransına qatılmış, sonradan Vətənə qayıda bilməyən Cümhuriyyət qurucularının məzarlarını ziyarət ediblər.

Səfir Leyla Abdullayeva və daimi nümayəndə Elman Abdullayev Xalq Cümhuriyyəti parlamentinin, eləcə də Paris Sülh Konfransına qatılmış nümayəndə heyətinin sədri Əlimərdan bəy Topçubaşov, milli hökumətin rəsmi qəzeti “Azərbaycan”nın naşiri, məşhur bəstəkar Üzeyir Hacıbəylinin qardaşı və nümayəndə heyətinin üzvü Ceyhun Hacıbəylinin məzarları üzərinə əklil qoyublar. Qeyd olunub ki, 1918-ci ildə Azərbaycanın müstəqilliyi elan edildikdən sonra Xalq Cümhuriyyətinin qurucularının əsas məqsədi bu gənc demokratik ölkəni dünyaya tanıtmaq olub.

Tədbirdə Azərbaycanın müstəqilliyinin bərpa olunmasından söz açılıb. Diqqətə çatdırılıb ki, bu il anadan olmasının 100 illiyini təntənə ilə qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyev və onun müdrik siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin sayəsində ölkəmiz bu gün regionun aparıcı aktoruna çevrilib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib və ölkəmizin ərazi bütövlüyü bərpa olunub.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

 

https://azertag.az/xeber/2635898

Arxiv üzrə axtarış