Azərbaycan Beynəlxalq Üzüm və Şərab Təşkilatının 21-ci Baş Assambleyasında təmsil olunub
Paris, 12 iyun, AZƏRTAC
Beynəlxalq Üzüm və Şərab Təşkilatının (OIV) 21-ci Baş Assambleyası keçirilib. Azərbaycan Assambleyada təmsil olunub.
AZƏRTAC xəbər verir ki, mənzil-qərargahı Fransanın Dijon şəhərində yerləşən Beynəlxalq Üzüm və Şərab Təşkilatının (OIV) 21-ci Baş Assambleyası İspaniyanın Jerez de la Frontera şəhərində təşkil olunub. Baş Assambleyada təşkilata üzv ölkələrin bu sahədəki əməkdaşlığının möhkəmləndirilməsi, Albaniya və Boliviyanın təşkilata üzvlüyü, 2030-cu ildə dünya sərgisində, eləcə də 2025-ci ildə Osaka beynəlxalq sərgisində iştirak kimi məsələlər müzakirə olunub.
Baş Assambleya çərçivəsində təşkilatın yeni baş direktoru vəzifəsinə seçkilər keçirilib. Təşkilatın 48 üzv dövləti yeni zelandiyalı namizəd Con Barkerə yekdilliklə səs veriblər. C.Barker yeni vəzifəsinin icrasına 2024-cü ilin yanvarından başlayacaq.
Baş Assambleyada ölkəmizi Fransadakı səfirliyimizin diplomatı Alı Xələfli təmsil edib.
Xatırladaq ki, 2013-cü ildən OİV-nin üzvü olan Azərbaycanda üzümçülük və şərabçılıq sahəsinin inkişafı üçün dövlət tərəfindən tədbirlər həyata keçirilib və bu sahənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsi üçün Dövlət Proqramı hazırlanıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris