Parisdə Azərbaycan Arbitraj Günü qeyd edilib
Paris, 15 iyun, AZƏRTAC
Parisdə səfirliyimizin Mədəniyyət Mərkəzində Azərbaycan Arbitraj Assosiasiyasının inaqurasiyası çərçivəsində Azərbaycan Arbitraj Günü qeyd edilib.
AZƏRTAC xəbər verir ki, Fransada hüquq professoru, Paris Vəkillər Kollegiyasının üzvü, Azərbaycan Arbitraj Assosiasiyasının sədri Kəmalə Mehdiyevanın təşkilatçılığı ilə keçirilən tədbirdə Fransa, İtaliya, Almaniya, Belçika, Böyük Britaniya, Türkiyə kimi ölkələrin, eləcə də beynəlxalq təşkilatların beynəlxalq hüquq və beynəlxalq arbitraj üzrə tanınmış mütəxəssisləri iştirak ediblər.
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edərək ölkəmizdə hüquq elminin bir sahəsi kimi beynəlxalq arbitrajın inkişafı, beynəlxalq ticarət və investisiya mübahisələrinin həlli mexanizmi baxımından tədbirin əhəmiyyətini qeyd edib. O, Azərbaycanın regionda və dünya arenasında iqtisadi, mədəni və geosiyasi rolundan danışıb.
“Azərbaycan tarix boyu olduğu kimi bu gün də sivilizasiyaların qaynayıb-qarışdığı məkandır. Ölkənin geterogen mədəniyyəti fars, osmanlı və Qafqaz mədəniyyətlərinin təsiri altında inkişaf etmişdir. Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycan tarixən regionda mühüm siyasi, iqtisadi, mədəni və geosiyasi rol oynayıb. İpək Yolu Azərbaycanın əksər şəhərlərindən keçərək onu ticarət və mədəniyyətlərarası mübadilə mərkəzlərindən birinə çevirib.
Azərbaycan neft və qaz kimi zəngin təbii sərvətləri ilə də dünyanın iqtisadi gücü olmaqda davam edir. Ölkəmiz coğrafi mövqeyinə və beynəlxalq əlaqələrinə görə Şərq və Qərb üçün strateji tərəfdaşdır”, - deyə səfir Leyla Abdullayeva “Mədəniyyət və beynəlxalq arbitraj”a dair bu tədbirin səfirliyin Mədəniyyət Mərkəzində keçirilməsinin təsadüfi olmadığını vurğulayıb.
Beynəlxalq Ticarət Palatasının Beynəlxalq arbitraj məhkəməsinin sədri Klaudia Salomon Azərbaycan məkanının Beynəlxalq Ticarət Palatasının Beynəlxalq Ticarət Məhkəməsi kimi arbitraj institutlarının inkişafı üçün əhəmiyyətini qeyd edib.
Tədbirin təşkilatçısı və Azərbaycan Arbitraj Assosiasiyasının sədri professor Kəmalə Mehdiyeva Azərbaycan Arbitraj Gününün uğurunun onun bütün gözləntilərini üstələdiyini qeyd edib. Beynəlxalq arbitrajdan söz açan K. Mehdiyeva beynəlxalq mübahisələrin həlli üçün əlavə mexanizmlərin olmasının Azərbaycanın xarici sərmayələr sahəsində cəlbediciliyini artıracağını bildirib. Həmçinin qeyd edib ki, mübahisələrin həlli üçün əlavə seçimin olması cəmiyyətə müsbət təsir göstərə bilər. Azərbaycan Arbitraj Assosiasiyasının məqsədi Azərbaycanda beynəlxalq arbitrajın inkişafı və onun regionda, eləcə də dünyada beynəlxalq investisiya və kommersiya mübahisələrinin həlli üçün arbitraj məkanı kimi tanınmasına nail olmaqdır. Bu məqsədə nail olmaq üçün Assosiasiya tərəfindən layihələr, eləcə də maarifləndirici tədbirlər həyata keçiriləcək. Azərbaycan Arbitraj Assosiasiyası tezliklə Beynəlxalq Arbitraj Akademiyası ilə birgə onlayn təhsil layihələrinə start verəcək. Bu layihələrə arbitraj sahəsində beynəlxalq səviyyədə tanınmış ekspertlər cəlb ediləcək.
“Maarifləndirici layihələr azərbaycanlı mütəxəssislərin bacarıqlarının artırılması, eləcə də Azərbaycanda və dünyada hüquqşünaslar və sahibkarlar arasında konstruktiv əlaqələrin qurulması üçün həlledici mərhələlərdən biri olacaq. Həmçinin yerli hüquq firmaları, şirkətlər, dövlət qurumları, eləcə də bugünkü tədbirdə Beynəlxalq Ticarət Palatasının Məhkəmə sədri Klaudia Salomon ilə təmsil olunan Beynəlxalq Ticarət Palatası kimi beynəlxalq qurumlarla əməkdaşlıq edəcəyik”, - deyə K.Mehdiyeva bildirib.
Beynəlxalq Ticarət Palatasının Beynəlxalq arbitraj məhkəməsinin sabiq sədri Pyer Tersiye mədəniyyətlər və beynəlxalq arbitraj arasındakı əlaqələrə toxunaraq, mədəniyyət və mübahisənin həlli, ədalət hökmünün icrası, beynəlxalq arbitrajda mədəniyyət, Nyu-York Konvensiyasının təsiri kimi mövzulardan danışıb.
“Çıxışımı bu foto ilə bitirəcəyəm. Bu, Bakıdakı Atəşgah məbədinin fotosudur. Bu məbəd üç fərqli dini - sihizm, hinduizm və zərdüştiliyi bir tavan altında birləşdirmək səciyyəsinə malikdir”, - deyə P.Tersiye Azərbaycanın multikultural tarixinin qədimiliyini diqqətə çatdırıb.
Tədbir beynəlxalq arbitraj üzrə müxtəlif ölkələrdən olan ekspertlərin çıxışları ilə davam edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
https://azertag.az/xeber/Parisde_Azerbaycan_Arbitraj_Gunu_qeyd_edilib-2661689