Fransa radiosunda Azərbaycan-Ermənistan normallaşma prosesindən danışılıb
Paris, 12 iyun, AZƏRTAC
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın bu ölkədə fəaliyyət göstərən “Radio J” radiosuna müsahibəsi yayımlanıb.
AZƏRTAC xəbər verir ki, səfir müsahibədə jurnalistin İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Bakıya rəsmi səfəri ilə bağlı suallarını cavablandırıb.
Müsahibədə, həmçinin regiondakı reallıqlardan söz açılıb. Azərbaycan ilə İsrail arasında iqtisadiyyat, enerji, təhsil, humanitar, yüksək texnologiyalar, kibertəhlükəsizlik kimi sahələrdə strateji əməkdaşlığın həyata keçirildiyi bildirilib.
Diplomat, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk parlamentli respublika olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, XX əsrin sonlarında Azərbaycan müstəqilliyini bərpa edəndə Ermənistanın hərbi təcavüzü ilə üzləşib və ərazilərinin 20 faizi işğal altına düşüb. Həmişə sülh mövqeyi tutan Azərbaycan münaqişəni danışıqlar yolu ilə həll etməyə çalışsa da, qarşı tərəfin təxribatları müharibəni qaçılmaz edib. Erməni işğalında olan ərazilərini təqribən 30 il sonra azad edən Azərbaycan bu gün də bütün ölkələrə, o cümlədən Ermənistana qarşı sülh mövqeyindədir.
Brüssel görüşündən danışan L.Abdullayeva bildirib ki, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması barədə razılığa gəliblər.
“Respublikamız bütün ölkələrlə dostluq, qarşılıqlı səmərəli ikitərəfli və çoxtərəfli əlaqələrini inkişaf etdirməklə öz regionunda və onun sərhədlərindən kənarda sülh şəraitində birgəyaşayışı və mehriban qonşuluğu təşviq edir”, - deyən diplomat Azərbaycan ilə Aİ arasında əsas əməkdaşlıq istiqamətlərindən biri olan enerji təhlükəsizliyindən də danışıb. Ölkəmizin Aİ-yə ixrac etdiyi enerjini artıracağını vurğulayıb. Eyni zamanda, Azərbaycanın bərpaolunan enerji sahəsində böyük potensialının olduğu diqqətə çatdırılıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris