2023-06-19

Fransa radiosunda Azərbaycan və Qarabağ həqiqətlərindən danışılıb

Paris, 17 iyun, AZƏRTAC

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bu ölkənin “Sud Radio” radiosuna müsahibə verib.

AZƏRTAC xəbər verir ki, səfir, ilk növbədə, jurnalistə “Dağlıq Qarabağ” adlı bölgənin olmadığını, yalnız Azərbaycanın Qarabağ iqtisadi rayonunun mövcud olduğunu bildirib. Diplomat deyib: “Azərbaycanda “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur, yalnız Qarabağ var və o, Azərbaycanın ayrılmaz tərkib hissəsidir”.

Qeyd edilib ki, Ermənistanın baş nazirinin özü də Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Diqqətə çatdırılıb ki, kiminsə nəsə deməsi vacib deyil, beynəlxalq hüquq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu deyir, mühüm olan budur. Səfir torpaqlarımızın 30 il erməni işğalı altında qaldığını bildirərək, azərbaycanlıların etnik təmizləmə ilə üzləşdiklərini xatırladıb.

Şərqdə ilk dünyəvi respublika olan Azərbaycanın multikultural, çoxkonfessiyalı və çoxmillətli ölkə olduğunu deyib. Vurğulanıb ki, Qarabağ münaqişəsi heç də dini zəmində baş verməyib.

Jurnalistin erməni və Azərbaycan icmalarının birgə yaşamasının mümkünlüyünə dair sualını cavablandıran L.Abdullayeva qeyd edib ki, ölkəmizdə bütün dinlərin nümayəndələri harmoniya şəraitində yaşayır. Müharibə zamanı, eləcə də müharibədən sonra və bu gün Azərbaycanda 30 min erməni yaşayıb və yaşayır. Onlar kimi, Qarabağ erməniləri də dinc yaşaya bilərlər. Separatizmi dəstəkləyən radikal erməni qrupları olduğu kimi, sülh tərəfdarı olan ermənilər də var. “Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, onlar azlıq təşkil edirlər. Azərbaycan çoxmillətli ölkədir. Azərbaycandakı bütün azlıqlar bərabər hüquq və imtiyazlara, o cümlədən mədəni, dil və digər hüquqlara malikdirlər, onların təhlükəsizliyi də təmin olunub”, - deyə səfir qeyd edib.

Fransız respublikaçı deputatların mövqeyi ilə bağlı da fikirlərini bildirən diplomat onların söylədiklərinin təəssüf doğurduğunu və söylədikləri reallığı əks etdirmədiyini vurğulayıb.

“2020-ci ildə müharibə başa çatdıqdan sonra Azərbaycan regionda sülhün bərqərar olması üçün çalışır. Azərbaycan Prezidenti və Ermənistanın baş naziri sülh müqaviləsi ilə bağlı danışıqları davam etdirirlər”, - deyən diplomat Brüssel, Kişineu görüşlərinə diqqət çəkərək danışıqlar prosesi haqqında məlumat verib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

 

https://azertag.az/xeber/2664494

Arxiv üzrə axtarış